Prezident Mamuka Xazaradze və Badri Caparidzeni əfv etdi

Sep 5, 2025 - 12:58
 0  11
Prezident Mamuka Xazaradze və Badri Caparidzeni əfv etdi

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili “Güclü Gürcüstan – Lelo” partiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidzeni əfv edib.

Bu barədə məlumat Prezidentin rəsmi Facebook səhifəsində yayımlanıb.

Açıqlamada bildirilir ki, müxtəlif amillərə baxmayaraq, Prezident bu qərarı qəbul edib ki, heç kimdə yerli özünüidarəetmə seçkilərinin məhdud rəqabət şəraitində keçirildiyi barədə bəhanə qalmasın.

“Dünən yerli özünüidarəetmə seçkiləri üçün seçki subyektlərinin qeydiyyat prosesi başa çatdı. Qeydiyyatdan keçmiş siyasi birliklər arasında bir partiya – “Güclü Gürcüstan – Lelo” var ki, onun liderləri hazırda konkret cinayətə görə cəza çəkirlər. Şübhəsiz ki, seçkilər onların həbsdə olduqları şəraitdə də rəqabətli mühitdə keçiriləcəkdi.

Lakin seçkilərin rəqabətliliyinə dair hər hansı şübhənin qalmaması üçün iki məhkum – Mamuka Xazaradze və Badri Japaridzenin əfv olunması barədə qərar qəbul etdim. Ümidvaram ki, gələcəkdə onlar siyasi fəaliyyətlərini qanuna hörmətlə davam etdirəcəklər,” – deyə açıqlamada qeyd olunub.

Prezident həmçinin bütün seçki subyektlərinə çağırış edib ki, yerli özünüidarəetmə seçkilərinin sağlam və sakit şəraitdə keçirilməsinə dəstək versinlər və bələdiyyələrin inkişafı, əhalinin maraqlarının təmin edilməsi istiqamətində səmimi niyyətlə iştirak edən bütün siyasi subyektlərə uğurlar arzulayıb.

mənbə: interpress