Pankisidə antiterror əməliyyatı-Video

May 19, 2026 - 14:50
 0  17

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (SUS) ölkənin Pankisi dərəsində xüsusi antiterror əməliyyatı keçirib.

Xeber.ge xəbər verir ki, əməliyyat nəticəsində "İslam Dövləti" (İŞİD) terror təşkilatına üzv olmaqda və terror fəaliyyətinə köməklik göstərməkdə şübhəli bilinən 3 Gürcüstan vətəndaşı saxlanılıb.

  Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatına əsasən, xüsusi tədbirlər ötən gecə Pankisi dərəsinin Omalo, Birkiani və Coqolo kəndlərində eyni vaxtda icra olunub.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər İŞİD terror təşkilatının sıralarına qoşularaq fəaliyyət göstərmək üçün xaricdən müvafiq təlimatlar alıblar.

Onlar Pankisi dərəsində terror təşkilatını dəstəkləyən qanunsuz "camaat" formalaşdırmağa və bura digər yerli sakinləri cəlb etməyə cəhd göstəriblər.

Şübhəli şəxslərin bu məqsədlə müxtəlif məkanlarda gizli və konspirativ görüşlər təşkil etdikləri, radikal terror ideologiyasının təbliğatı ilə məşğul olduqları sübuta yetirilib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi axtarış və istintaq tədbirləri nəticəsində şübhəlilərdən aşağıdakı əşyalar götürülüb:

·         Bir neçə ədəd odlu silah, döyüş sursatı və partlayıcı maddələr;

·         Mobil telefonlar, kompüter texnikası və digər elektron informasiya daşıyıcıları;

·         "İslam Dövləti" (İŞİD) terror təşkilatının bayrağı, terror rəmzlərini əks etdirən müxtəlif əşyalar və şəxsi sənədlər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 328-ci (xarici ölkənin terror təşkilatına üzv olma və ya terror fəaliyyətinə yardım etmə) və 236-cı (odlu silah və partlayıcı maddələrin qanunsuz əldə edilməsi, saxlanılması) maddələri ilə cinayət işi davam etdirilir. Bu maddələr üzrə təqsirləndirilən şəxsləri 10 ildən 17 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib ki, qeyd olunan cinayət şəbəkəsinə bağlı olan digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.