Niçbisidə Pasxa gecəsi qanlı qətlin təfərrüatları
Gürcüstanın Niçbisi kəndində baş vermiş və 53 yaşlı kişinin ölümü ilə nəticələnən ağır cinayətin yeni təfərrüatları məlum olub.
Sakinlərin "TV Pirveli"yə verdiyi məlumata görə, hadisə Pasxa gecəsi qurulan bayram süfrəsində yaranan mübahisə zəminində baş verib.
Xeber.ge xeber verir ki,
Sakinlərin iddiasına görə, Zemo Niçbisi kəndindən olan 53 yaşlı kişi əvvəlcə mənzildə vəhşicəsinə döyülüb. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, yaralı kişi xəstəxanaya getməkdən imtina edib. Tibb işçiləri ərazini tərk etdikdən sonra evdə olan şəxslər (bir ata və iki oğlu) kişini yenidən döyərək ağır vəziyyətdə küçəyə atıblar. Cəsəd bir müddət sonra yoldan keçən şəxslər tərəfindən tapılıb.
"Onlar birlikdə yeyib-içirdilər. Əvvəlcə bərk döyüblər, həkimlər gedəndən sonra isə yenidən hücum edib küçəyə tullayıblar. Tapılanda artıq ölmüşdü," – deyə yerli sakinlər bildirib.
Faktla bağlı hazırda bir nəfər - Teimuraz Kalatozişvili saxlanılıb. O, hazırda təcridxanada rəsmi ittihamın irəli sürülməsini gözləyir. Lakin saxlanılan şəxsin vəkili müvəkkilinin günahsız olduğunu iddia edir:
"Mənim müvəkkilim ittihamları rədd edir. O bildirir ki, həmin şəxslə heç bir yaxınlığı olmayıb, sadəcə uzaqdan tanıyıb və hadisə günü yalnız salamlaşıblar. Onun ölümündən və səbəblərindən xəbərsizdir. Biz obyektiv istintaqın aparılacağını və müvəkkilimin günahsızlığının sübut olunacağını gözləyirik."
Daxili İşlər Nazirliyi faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə istintaq aparır. Saxlanılan şəxs əslən həmin kənddən olsa da, son illər Tbilisidə yaşayırmış və kəndə bayramla əlaqədar gəlibmiş.