Mirziyoyev Tbilisidə Əlişir Nəvainin abidəsinin açılışında iştirak edəcək

Jul 2, 2026 - 20:42
 0  19
Mirziyoyev Tbilisidə Əlişir Nəvainin abidəsinin açılışında iştirak edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Gürcüstana dövlət səfəri çərçivəsində Prezident Sarayında rəsmi qarşılanma mərasimi keçirilib.

Mərasimdə Gürcüstan və Özbəkistanın dövlət himnləri səsləndirilib, daha sonra prezidentlər bir-birlərinə rəsmi nümayəndə heyətlərini təqdim ediblər.

Rəsmi qarşılanma mərasimindən sonra Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında təkbətək görüş başlayıb.

Səfər proqramına əsasən, Şavkat Mirziyoyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə də görüşəcək. Görüşlərdən sonra müxtəlif sahələr üzrə əməkdaşlığa dair sənədlərin, o cümlədən müqavilə və anlaşma memorandumlarının imzalanması nəzərdə tutulur.

Səfər çərçivəsində Özbəkistan Prezidenti Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış abidəni ziyarət edərək əklil qoyacaq, həmçinin Tbilisidə özbək şairi Əlişir Nəvainin abidəsinin açılış mərasimində iştirak edəcək.

Qeyd edək ki, Şavkat Mirziyoyev bu gün onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə Gürcüstana dövlət səfərinə gəlib.

mənbə: report