Marneulidə bıçaqlanmış yeniyetmə ilə bağlı yeni təfərrüatlar məlum oldu

Marneulidə bıçaqlanmış yeniyetmə ilə bağlı yeni detallar üzə çıxıb.
Sakinlərin verdiyi məlumata görə, yeniyetmənin 55 bıçaq zərbəsindən təxminən 40-ı onun bel nahiyəsinə vurulub. Hadisə iştirakçılarının bir-birini tanıdığı bildirilir – onlar eyni kənddə yaşayırdılar və həmin gün birlikdə mağazada görülüblər.
Zərərçəkənin yaxınları istisna etmirlər ki, hadisəni törətməkdə ittiham olunan 20 yaşlı gənc hadisə zamanı narkotik təsiri altında olub.
"Çox ağır faciədir, belə hadisə xatırlamıram. Uşaq huşsuz vəziyyətdə tapılıb, qan içində idi, çətinliklə tanıyıblar. Tarlada bu vəziyyətdə uzanıqlı idi. Mən onun əmisiəm. Biz gec xəbər tutduq, birbaşa klinikaya gəldik və vəziyyətinin yaxşılaşmasını gözləyirik. Bizə dedilər ki, hələ komadadır. Bunu edən insan deyil, 20 yaşlı bir oğlandır, o da kəndimizdəndir. Bilmirəm bu hala nə gətirib çıxardı", – deyə zərərçəkənin əmisi bildirib.
Digər bir qohum isə deyib: "Çox güman ki, bu hadisə gecə baş verib. Çünki uşağı sübh vaxtı orada yaşayan bir adam tapıb. Ölü vəziyyətdə idi, qan içindəydi və inildəyirdi. Bütün gecəni kömək istəyirmiş. Necə sağ qaldı bilmirik. Bıçaqla parçalayıblar. Başqa yerlərdən də xəsarətlər yetirib, öldüyünü düşünüb, izini itirmək üçün tarlaya aparıb atıb. Tutulan şəxs də kəndimizdəndir, amma onu yaxşı tanımırıq. Bildiyimiz budur ki, atası həbsdədir və çox güman ki, özü də narkotik təsiri altında olub".
mənbə: interpress
mənbə: interpress