Kvarelidə ər-arvadı maşını ilə vuran sürücü spirtli içkinin təsiri altında olub

Apr 24, 2025 - 19:10
 0  29
Kvarelidə ər-arvadı maşını ilə vuran sürücü spirtli içkinin təsiri altında olub

Prokurorluğun məlumatına görə, Kvareli bələdiyyəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 1 nəfərə qarşı ittiham irəli sürülüb.

Məlumata əsasən, Sabue kəndində spirtli içkinin təsiri altında olan sürücü avtomobil yolundan çıxaraq iki nəfəri [ər-arvad] vurub, onlar aldıqları xəsarətlər nəticəsində həlak olublar.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılmış istintaqla müəyyən edilib ki, 22 aprel tarixində, Kvareli bələdiyyəsinin Sabue kəndində spirtli içkinin təsiri altında olan sürücü avtomobil yolundan çıxaraq iki nəfərə çırpılıb, vətəndaşlar aldıqları xəsarətlər nəticəsində vəfat ediblər. Hüquq-mühafizə orqanları hadisədən dərhal sonra onu saxlayıblar”, – deyə məlumatda bildirilir.

Prokurorluq saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 9-cu bəndi ilə (alkoholun təsiri altında avtomobil idarə edərkən yol hərəkəti qaydalarının pozulması və iki nəfərin ölümünə səbəb olma) ittiham irəli sürüb. Bu maddə 12 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Prokurorluq qanunla müəyyən olunmuş müddət ərzində məhkəməyə onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün müraciət edəcək.

mənbə: marneulifm