Kreditlərlə bağlı yeni qayda...

750 min lariyə qədər olan kreditlər yalnız laridə veriləcək
Bu qərarı Gürcüstan Milli Bankının Maliyyə Sabitliyi Komitəsi qəbul edib və dəyişiklik 2025-ci il avqustun 1-dən qüvvəyə minəcək.
Gürcüstan Milli Bankının yaydığı məlumata əsasən, maliyyə dollarlaşmasının yüksək səviyyəsindən irəli gələn struktur risklərin azaldılması istiqamətində iş davam etdirilir.
“Gürcüstanın maliyyə sistemi sabitliyini qoruyur və iqtisadiyyatı kreditləşdirməyə davam edir. 2025-ci ilin aprel ayının göstəricilərinə əsasən, bank sektoru sağlam kapital və likvidlik göstəricilərini qoruyub saxlayır. Ötən illə müqayisədə kredit aktivliyinin tempi tədricən normallaşıb və 2025-ci ilin aprel ayında kreditlərin illik artımı, məzənnə təsirini nəzərə almadan, 15,5% təşkil edib. Bu artım əsasən biznes kreditlərinin artması ilə bağlı olub. 2025-ci ilin birinci rübündə kreditlərin ÜDM-lə nisbəti uzunmüddətli trenddən aşağı səviyyədə qalır. Bir tərəfdən, birinci rübdə qeydə alınan güclü iqtisadi artım və digər tərəfdən kredit aktivliyinin normallaşması kreditlərin ÜDM-lə nisbətində mənfi boşluğun artmasına səbəb olub. Komitənin qiymətləndirməsinə görə, kredit aktivliyinin mövcud dinamikası və iqtisadi artımın mərhələli normallaşması fonunda kreditlərin ÜDM-lə nisbətindəki mənfi boşluq 2025-ci ildə bağlanacaq. Buna görə də, mövcud mərhələdə kapitalın kontrtsiklik buferinin tsiklik komponentinin dəyişdirilməsinə ehtiyac yoxdur. Kommersiya bankları kapitalın kontrtsiklik buferinin neytral komponentini mərhələli şəkildə toplamağa davam edirlər.
Milli Bank maliyyə dollarlaşmasının yüksək səviyyəsindən irəli gələn struktur risklərin azaldılması istiqamətində işini davam etdirir. Milli Bank tərəfindən həyata keçirilən tədbirlər nəticəsində dollarlaşmanın əhəmiyyətli dərəcədə azaldılmasına baxmayaraq, bu problem və onunla bağlı struktur risklər maliyyə sektoru üçün əsas çağırış olaraq qalır. Milli Bank bəyan olunmuş siyasətinə uyğun olaraq, sənaye sektoru ilə koordinasiyada, makroiqtisadi mühit və riskləri nəzərə alaraq de-dollarizasiya üzrə uzunmüddətli planı həyata keçirməyə davam edir. Maliyyə Sabitliyi Komitəsinin qərarına əsasən, hedcinq olunmamış xarici valyutada kreditlərin məbləğ limiti 500 000 laridən 750 000 laridək artırılıb. Bu dəyişiklik 2025-ci il avqustun 1-dən qüvvəyə minəcək.
Gürcüstan Milli Bankı ölkənin maliyyə sabitliyini daim monitorinq edir, daxili və xarici riskləri qiymətləndirir və mümkün riskləri minimuma endirmək üçün bütün mövcud alətlərdən lazım gəldikdə istifadə edəcək. Maliyyə Sabitliyi Komitəsinin növbəti iclası 2025-ci il oktyabrın 1-də keçiriləcək”– deyə məlumatda qeyd olunur.
mənbə: interpress