Köhnə diplomların tanınması problemi həll olunur

Apr 9, 2026 - 19:11
 0  44
Köhnə diplomların tanınması problemi həll olunur

Gürcüstan hökuməti 2010-cu ilə qədər verilmiş diplomların tanınması problemini birdəfəlik həll edəcək yeni qanunvericilik təşəbbüsü təqdim edib.

Xeber.ge xeber  verir ki, bu barədə Gürcüstanın təhsil naziri Qivi Mikanadze jurnalistlərə açıqlamasında bildirib.

Yeni təşəbbüs məzunların işə düzələrkən və sənəd təqdim edərkən qarşılaşdıqları problemlərin aradan qaldırılmasına yönəlib.

"Hökumətin qanunvericilik təşəbbüsü sayəsində parlamentə düzəlişlər təqdim olunacaq və bunun əsasında minlərlə vətəndaşımız 2010-cu ilə qədər verilmiş diplomların tanınması ilə bağlı problemi birdəfəlik həll edəcək. Həmçinin 4 illik əyani və 5 illik qiyabi təhsilin bərabərləşdirilməsi ilə bağlı məsələlər də öz həllini tapacaq", – deyə Mikanadze qeyd edib.

Nazirin sözlərinə görə, vahid reyestrin olmaması və ali məktəblərin akkreditasiyası ilə bağlı problemlər tələbələrin öz proqramlarının statusu barədə tam məlumat ala bilməməsinə səbəb olurdu.

"Nəticədə elə hallar olurdu ki, hələ akkreditasiya almamış konkret ali təhsil müəssisələri bu barədə abituriyentlərə məlumat vermirdi, qəbuldan sonra diplomlar veriləndə isə həmin sənədlərlə bağlı problemlər yaranırdı", – deyə Mikanadze bildirib.

Nazir qeyd edib ki, parlament tərəfindən bəyənilməli və dəstəklənməli olan bu qanunvericilik dəyişiklikləri ayrı-ayrı vətəndaşların məhkəməyə müraciət etdiyi uzunmüddətli proseslərə son qoyacaq.

Gürcüstanda ali təhsilin genişmiqyaslı islahatı həyata keçirilir. 2026-cı ildən etibarən dövlət yeni sistem tətbiq edir ki, buna əsasən dövlət ali məktəblərində təhsil ödənişsiz olacaq, ali məktəblərin özləri isə əsasən dar ixtisaslaşmış müəssisələrə çevriləcək.

Ali məktəblərdə təhsil bakalavr dərəcəsi almaq üçün üç il, magistr dərəcəsi almaq üçün isə bir il davam edəcək. Doktoranturada təhsilini davam etdirmək istəyənlər magistraturada əlavə bir il oxumalı olacaqlar.