İşəgötürmə və yaşayış icazələri üzrə qaydalar dəyişəcək
Gürcüstan Parlamentində yaxın günlərdə miqrasiya ilə bağlı qanunvericilik dəyişiklikləri qəbul olunacaq.
Bu barədə hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze məlumat verib.
Onun sözlərinə görə, əsas dəyişikliklər üç istiqaməti əhatə edəcək: ölkədə qeyri-qanuni yaşayan şəxslərin ölkədən çıxarılması, əcnəbilərin işə qəbul qaydalarının sərtləşdirilməsi və investisiya əsasında yaşayış icazəsi üçün tələblərin artırılması.
Mdinaradze bildirib ki, bu həftə üçüncü oxunuşda qəbul ediləcək qanun layihəsinə əsasən, ölkədə qeyri-qanuni yaşayan əcnəbilərin Gürcüstandan çıxarılması proseduru sadələşdiriləcək.
Yeni qanunvericiliklə əcnəbilərin Gürcüstanda işə qəbul qaydaları sərtləşdiriləcək. Əgər indiyədək işə qəbul üçün heç bir icazə tələb olunmurdusa, yeni qaydalara əsasən, əcnəbilərə iş icazəsi yalnız Səhiyyə Nazirliyinin ciddi meyarlar əsasında verdiyi razılıqla mümkün olacaq. Nazirlik işçi tələb olunan peşələrin vəziyyətini qiymətləndirəcək və yalnız müəyyən çatışmazlıq olan sahələr üzrə icazə verəcək. Qanun həmçinin işəgötürənlərə də cərimə tətbiq etməyi nəzərdə tutur – əgər əcnəbi qanunsuz olaraq işə qəbul olunarsa, məsuliyyət həmçinin işəgötürənin üzərində olacaq.
Mdinaradze qeyd edib ki, hazırkı qanuna görə, əcnəbilər Gürcüstanda 100 min ABŞ dollarından artıq dəyərdə daşınmaz əmlak alarsa, onlara 1 illik yaşayış icazəsi verilir. Lakin dəyişiklikdən sonra bu məbləğ 150 min dollara qədər artırılacaq. Onun sözlərinə görə, son 6 ildə belə icazəni 16 min nəfər əldə etsə də, hazırda yalnız 3 600 nəfər bu hüquqa malikdir.
Mdinaradze əlavə edib ki, bu dəyişikliklər Gürcüstan vətəndaşları üçün iş imkanlarının artırılmasına, əmək bazarının real vəziyyətinin dəyərləndirilməsinə və dövlətin təlim siyasətinin daha dəqiq planlaşdırılmasına xidmət edəcək.
mənbə: interpress