İran ilk dəfə Suriyadakı ABŞ bazalarını hədəfə aldı: Ölənlər var
ABŞ-ın bu gecə və səhərə yaxın İranın körpü və hava limanını hədəfə almasından sonra İran ABŞ-ın Suriyadakı bazalarını raketlərlə vurub.
XEBER.GE xəbər verir ki, İran İnqilabı Keşikçiləri Ordusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr Şöbəsi tərəfindən verilən ardıcıl bəyanatlarda, ABŞ ordusunun bölgədəki hərbi fəaliyyətlərinə və hücumlarına cavab olaraq genişmiqyaslı qisas əməliyyatlarının keçirildiyi bildirilib.
“Nəsr-2” əməliyyatı çərçivəsində həyata keçirilən hücumlarda Suriya, Küveyt və Oman sərhədlərində yerləşən ABŞ bazalarının və texniki infrastrukturunun hədəf alındığı qeyd olunub.
Suriyadakı ABŞ Xüsusi Təyinatlı Komandanlıq Mərkəzi hədəf alınıb
İnqilab Keşikçiləri Hava-Kosmik Qüvvələri “Nəsr-2” əməliyyatının 11-ci dalğası çərçivəsində Suriyanın ət-Tənf bölgəsində yerləşən ABŞ-ın xüsusi təyinatlı komandanlıq mərkəzinə qarşı hücum həyata keçirib.
İranşəhrin Bampur rayonunda həlak olan İran hərbçilərinin xatirəsinə ithafən təşkil edilən əməliyyatda ABŞ ordusuna məxsus radar sisteminin məhv edildiyi, xüsusi əməliyyatlarda istifadə olunan helikopterlərin sıradan çıxarıldığı və çoxlu sayda ABŞ hərbçisinin öldürüldüyü iddia edilib.
Bəyanatda Hörmüz boğazına tam nəzarətin İran hərbi qüvvələrinin əlində olduğu vurğulanıb və ABŞ-ın təcavüzkar addımları davam etdiyi müddətcə bu bölgədən neft və təbii qaz ixracına icazə verilməyəcəyi qeyd olunub.