İrakli Kobaxidze ABŞ senatoru ilə görüşüb

May 30, 2025 - 13:15
 0  8
İrakli Kobaxidze ABŞ senatoru ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşüb.

Bu barədə hökumətin administrasiyası məlumat yayıb.

Bildirilib ki, görüşdə ABŞ-Gürcüstan münasibətləri, Gürcüstanın regiondakı rolu və ölkədəki siyasi vəziyyət müzakirə edilib.

Baş nazir bir daha Gürcüstan hökumətinin ABŞ ilə münasibətləri yenidən başlamağa və strateji tərəfdaşlığı konkret fəaliyyət planına əsaslanaraq yeniləməyə hazır olduğunu təsdiqləyib. Bu əməkdaşlığın hər iki ölkəyə real nəticələr gətirəcəyinə vurğu edilib.

İrakli Kobaxidze Gürcüstanın regionda sülh və sabitliyin təmin edilməsindəki vacib rolunu və ölkənin tranzit potensialını qeyd edib. Baş nazir deyib ki, Gürcüstan tərəfdaşlara milyonlarla insanın yaşadığı bazarlara çıxış baxımından mühüm imkanlar təklif edir.

Görüşdə, həmçinin, Gürcüstanda siyasi proseslərə də diqqət yetirilib. Baş nazir bildirib ki, ölkədə siyasi sabitlik təmin olunub və Gürcüstan hakimiyyəti bunun zəmanətçisidir.

Görüşdə Gürcüstanın Birinci vitse-premyeri, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçoroşvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani iştirak ediblər.

mənbə: interpress