“İnter RAO” sanksiyası: Telasi və Telmiko necə xilas olunacaq?

Jul 26, 2026 - 14:13
 0  15

Avropa İttifaqının rus enerji şirkəti “İnter RAO”-ya sanksiya tətbiq etməsindən sonra ekspertlər Gürcüstandakı enerji şirkətləri – Telasi və Telmiko-nun xilas yollarını axtarırlar. Onların qiymətləndirməsinə görə, ən böyük problemlər bank əməliyyatları, şirkətlərin gələcək sahibi və ölkənin beynəlxalq reputasiyasına zərər olacaq.

XEBER.GE xeber  verir ki, iqtisadçı Giorgi Xiştovani ilk risk kimi bank sektoru ilə münasibətləri göstərir. Onun sözlərinə görə, əgər Avropa sanksiyaları səbəbindən şirkətlərin maliyyə xidmətlərinə çıxışı məhdudlaşarsa, bu, hətta gündəlik ödənişlərə belə təsir edə bilər.

“Gürcü bank sektoru bu ana şirkətin Gürcüstandakı törəmə şirkətlərinə nə dərəcədə xidmət göstərəcək? Təsəvvür edin, hər ailənin bu şirkətlə aylıq maliyyə əlaqəsi var və bu, bank xidmətləri vasitəsilə həyata keçirilir. Əgər bu olmasa, ‘Borjomi’ işinə bənzər vəziyyət yaranar – vaxtilə rus səhmdarlar paylarını satmağa məcbur olmuşdular. Onlar bu aktivi asanlıqla verməyəcəklər. Əgər versələr belə, ucuz satmaq istəməyəcəklər”, – deyə Xiştovani bildirib.

Paata Bayraxtari hesab edir ki, problemin texniki həlli mümkündür, o cümlədən dövlətin iştirakı ilə. Lakin onun fikrincə, ən ağır nəticə Gürcüstanın beynəlxalq reputasiyasına toxunacaq:

“Texniki çıxış yolları ola bilər – özəlləşdirmə, dövlətin şirkətlərə daxil olması və s. Amma diskomfort böyük olacaq. Ən vacib və ağrılı məqam isə odur ki, texniki cəhətdən bəzi yollar tapsalar belə, bu, ölkənin imicinə mənfi təsir göstərəcək”.

Roman Qotsiridze isə sanksiyalara baxmayaraq, “İnter RAO”-nun aktivləri formal şəkildə başqa, sanksiya tətbiq olunmayan rus strukturuna keçirərək nəzarəti saxlaya biləcəyini istisna etmir:

“Telasi Hollandiya şirkətinə məxsusdur, onun 100%-i ‘İnter RAO’-ya aiddir. Sanksiya qaydalarına görə, Hollandiya şirkəti səhmlərini 51%-dən aşağı səviyyəyə endirməyə məcbur olacaq. Amma bu, ehtimal ki, formal olacaq. ‘İnter RAO’ Rusiyada sanksiya təhlükəsi olmayan bir şirkət tapacaq və əslində enerji sistemlərimiz yenə də rus nəzarəti altında qalacaq”.

Xatırladaq ki, Avropa İttifaqı “İnter RAO”-ya sanksiya tətbiq edib. Məqsəd Rusiyanın hərbi təcavüzünü maliyyələşdirmək üçün istifadə olunan maliyyə və enerji resurslarını məhdudlaşdırmaqdır. Ekspertlərin qiymətləndirməsinə görə, qərar Gürcüstana da təsir edə bilər, çünki “İnter RAO” dolayısı ilə Telasi, Telmiko və Xrami SES-lərin paylarına sahibdir. Bu isə gürcü enerji şirkətlərinin Avropa bankları ilə hesablaşmalarını və beynəlxalq maliyyə əməliyyatlarını çətinləşdirə bilər.