Həkimlər əlillik statusu haqqında saxta sənədlər düzəltdilər - 3 şəxs həbs olunub

Oct 17, 2025 - 14:06
Oct 17, 2025 - 14:13
 0  17
Həkimlər əlillik statusu haqqında saxta sənədlər düzəltdilər - 3 şəxs həbs olunub

Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyi Tbilisidə, Kutaisidə və Batumidə saxta tibbi şəhadətnamə hazırlanması və kommersiya rüşvətxorluğuna kömək faktları ilə bağlı üç nəfəri saxlayıb.

Xeber.ge xəbər verir ki, DTX-nın məlumatına görə, istintaqla müəyyən edilib ki, Tbilisidə, Kutaisidə və Batumidə müxtəlif tibb müəssisələrinin həkimləri və onların köməkçiləri müəyyən pul vəsaiti müqabilində sağlamlıq vəziyyəti barədə saxta tibbi sənədlər hazırlayıblar ki, bu sənədlər əsasında da şəxslərə əlilliyi olan şəxs statusu verilib.

"Birinci halda, Tbilisidəki tibb müəssisələrindən birində işləyən D.T. vətəndaşa 3000 lari qarşılığında əlilliyi olan şəxsə aid saxta şəhadətnamə verib, hansının ki, əsası heç bir tibbi müayinə və komissiyadan keçmədən bronxial astma diaqnozu olub.

İkinci halda, Batumidəki tibb müəssisələrindən birinin həkimləri ilə cinayət əlaqəsində olan T.D. 9500 lari müqabilində vətəndaşa saxta arayış verib, hansının ki, əsasında ona guya C hepatitindən qaynaqlanan qaraciyər xəstəliyi olması səbəbilə birinci qrup əlilliyi olan şəxs statusu verilib.

Üçüncü halda, Kutaisidəki müxtəlif tibb müəssisələrinin həkimləri ilə cinayət əlaqəsində olan Ts.O. 3200 lari müqabilində vətəndaşa epilepsiya diaqnozu ilə saxta tibbi arayış verib. Bu vəziyyətdə Ts.O. həmin vətəndaşı nevroloqun konsultasiyasına aparıb, nevroloq da uydurma diaqnozla kompüter ensefaloqrafiyasının saxta arayışını hazırlayıb, bundan sonra Ts.O. vətəndaşı başqa tibb klinikasına, ikinci həkimin konsultasiyasına aparıb, həmin həkim də öz növbəsində epilepsiya diaqnozu ilə saxta tibbi arayış hazırlayıb.

Hər üç halda hərəkət Sosial Xidmətlər Agentliyinə saxta arayışlar təqdim etmək və müvafiq olaraq əlilliyi olan şəxs statusu almaqla dövlət tərəfindən müəyyən edilmiş pensiya və digər güzəştləri əldə etməyə yönəldilmişdir.

İstintaq Cinayət Məcəlləsinin 221-ci maddəsinin dördüncü hissəsi, 25-221-ci maddəsinin dördüncü hissəsi və 362-ci maddəsinin birinci hissəsi ilə aparılır ki, bu da qrup halında kommersiya rüşvətxorluğunu, kommersiya rüşvətxorluğuna kömək etməyi, saxta rəsmi sənədi əldə etməyi və satmağı nəzərdə tutur. Cinayət dörddən altı ilə qədər azadlıqdan məhrum etmə cəzasını ehtiva edir.

Gördüyünüz kimi, tibb müəssisələrinin nümayəndələri tərəfindən saxta tibbi sənədlərin verilməsi halları az deyil ki, bu da dövlətin və cəmiyyətin ümumi antikorrupsiya maraqlarından əlavə, bir çox ləyaqətli və peşəkar həkimin imicinə böyük ziyan vurur. Buna görə də, tibb müəssisələrinin əməkdaşlarını və onlarla cinayət əlaqəsinə girmək istəyən şəxsləri bu cür qanunsuz hərəkətlərə yol verməməyə çağırırıq.

Dövlət Təhlükəsizliyi Xidməti korrupsiya cinayətlərinə qarşı xüsusilə barışmaz olacaq," - qurumda bildiriblər.