Hökumət infrastruktur layihələrini ləngidən şirkətlər üçün qaydaları sərtləşdirir
Gürcüstan hökuməti infrastruktur layihələrinin icrası zamanı öhdəliklərini yerinə yetirməyən və işləri vaxtında tamamlamayan şirkətlərə qarşı sanksiyaları sərtləşdirməyə hazırlaşır.
Xeber.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze və regional inkişaf və infrastruktur naziri Rezi Soxadze açıqlama verib.
Yeni yanaşmaya əsasən, yol, körpü və digər dövlət əhəmiyyətli layihələrin tikintisini ləngidən şirkətlər "qara siyahı"ya salınacaq.
Bu siyahıya düşən şirkətlərin və onların rəhbər şəxslərinin müxtəlif mexanizmlərdən istifadə edərək yenidən dövlət tenderlərində iştirak etmək imkanları məhdudlaşdırılacaq.
Hökumət başçısı qeyd edib ki, dəyişikliklərin məqsədi infrastruktur layihələrinin keyfiyyətini artırmaq və sektorda mövcud olan problemləri kökündən həll etməkdir:
Baş nazirin sözlərinə görə, hazırkı hakimiyyətin dövründə yol tikintisi templəri əvvəlki hökumətlə müqayisədə təxminən 5 dəfə artıb.
"Əsas vəzifə maksimum yüksək keyfiyyətli infrastruktur əldə etmək, dövlətin bunun üçün bazar qiymətlərini ödəməsini təmin etmək və eyni zamanda yerli şirkətləri gücləndirməkdir".
Nazir Rezi Soxadze sektor üçün "inqilabi" adlandırdığı dəyişikliklərin bəzi layihələrin hazırda krizis rejimində idarə olunması ilə bağlı olduğunu bildirib:
Nazir bəzi yubanmış layihələr üzrə müqavilələrin ləğv edilə biləcəyini istisna etməyib.
"Bizim əsas hədəfimiz problemlərin öhdəsindən gəlmək və ölkənin yekun nəticəni görməsi üçün çevik qərarlar qəbul etməkdir".
Qeyd olunub ki, layihə artıq sektor nümayəndələrinə təqdim edilib və yaxın gələcəkdə qüvvəyə minməsi gözlənilir.