Hazırda dünya əhalisinin yarıdan çoxu şəhərdə yaşıyır
Hazırda dünya əhalisinin yarıdan çoxu şəhərdə yaşıyır. Bu rəqəmin 2050-ci ilə qədər təxminən 70%-ə yüksələcəyi proqnozlaşdırılır.
Xeber.ge xəbər verir ki, bu barədə COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “COP29-da çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyətinə dair yüksək səviyyəli açılış mərasimi” zamanı çıxışında deyib.
O qeyd edib ki, proqnozlara görə, yaxın 5-7 ildə şəhər əhalisinin 500 milyon nəfərdən çox artacağı gözlənilir ki, bu da öz növbəsində şəhər infrastrukturuna, o cümlədən elektrik və su təchizatı, nəqliyyat, kanalizasiya sistemi və yollara daha da böyük təzyiq göstərəcək.
“Şəhər mərkəzləri qlobal CO2 emissiyalarının 70%-dən çoxuna məsuldur. Şəhər sakinlərinin əhəmiyyətli bir hissəsi iqlimin təsirinə çox həssas olan ərazilərdə yaşayır. 2050-ci ilə qədər alçaq şəhər və qəsəbələrdə bir milyarddan çox insan dəniz səviyyəsinin qalxması riski ilə üzləşəcək.
Bu gün COP29-un Prezidentliyi Çoxsahəli Fəaliyyət Bəyannaməsini – Dayanıqlı və Sağlam Şəhərlər üçün Yollar elan etməkdən məmnundur. Bu təşəbbüs çoxsəviyyəli tədbirləri uyğunlaşdırmaq, şəhər məkanlarını davamlılıq və iqlim liderliyi mərkəzlərinə çevirmək üçün nəzərdə tutulub. Bu, milli hökumətləri özəl və ictimai maraqlı tərəflərlə birlikdə qüvvələri birləşdirməyə və bu məqsədlərə doğru yaxından işləməyə çağıran aydın fəaliyyətə çağırış kimi xidmət edir. Çox səviyyəli əməkdaşlıq vacibdir. Milli siyasətlər yerli səviyyədə həyata keçirilə bilən strategiyalara çevrilməlidir”, – o bildirib.
M.Babayev qeyd edib ki, şəhərlər və regionlar öz unikal və spesifik kontekstlərinə uyğun olaraq hazırlanmış iqlim həllərini həyata keçirmək üçün alətlərə, maliyyə vəsaitlərinə və səlahiyyətlərə ehtiyac duyurlar.
“Şəhər iqliminin maliyyələşdirilməsi də mühüm məsələdir. Şəhər infrastrukturuna, enerjiyə qənaət edən binalara və dayanıqlı nəqliyyat sistemlərinə investisiyaların genişləndirilməsi innovativ maliyyələşdirmə mexanizmləri və daha güclü tərəfdaşlıq tələb edir”, – deyə nazir bildirib.
mənbə:az.shafaqna.com