Gürcüstanda yol hərəkəti qaydaları sərtləşdirilir
Tbilisidə yol nişanları sisteminə yeni qadağanedici nişan - "Yanğın hidrantı yanında dayanmaq qadağandır" nişanı əlavə edilir.
Xeber.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə "İnzibati Xətalar Məcəlləsi" və "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliklər paketində qeyd olunub.
Yeni qaydalara əsasən, yanğın hidrantının yanında avtomobil saxlayan sürücülər 200 lari məbləğində cərimə olunacaqlar. Hazırda parlamentdə ikinci oxunuşda müzakirə edilən qanun layihəsi yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyətin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur.
Daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidzenin sözlərinə görə, Tbilisinin inzibati sərhədlərində N2 və N3 kateqoriyalı yük avtomobillərinin (tranzit yollar istisna olmaqla) hərəkəti, əgər təyinat nöqtəsi paytaxt deyilsə, 500 lari cərimə ilə nəticələnəcək. Səki ilə hərəkət edən sürücüləri isə 200 lari məbləğində cərimə gözləyir.
Dəyişikliklərdə nəzərdə tutulan digər sanksiyalar:
Dayanma-durma qaydalarının pozulması: Tbilisi, Kutaisi, Batumi, Rustavi və digər kurort şəhərlərində "Dayanmaq qadağandır" və ya "Durmaq qadağandır" nişanlarına tabe olmayanlar 50 lari cərimə ediləcək.
Səkidə və piyada keçidində parklanma: Tbilisi, Batumi, Kutaisi və digər mərkəzi şəhərlərdə bu xəta üçün cərimə 100 lari təşkil edəcək (digər şəhərlərdə cərimə 10 lari olaraq qalır).
Avtobus zolağı (BUS LANE): İctimai nəqliyyat üçün nəzərdə tutulmuş xüsusi zolaqlarda hərəkət etmək və ya dayanmaq 200 lari cəriməyə səbəb olacaq.
Driftə görə cəza: Qəsdən avtomobili sürüşdürmə (drift) nəticəsində əmlaka və ya insan sağlamlığına yüngül zərər dəyərsə, sürücü 500 lari cərimə olunacaq və sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılacaq.
Qanun layihəsinin yaxın vaxtlarda yekun qəbulu gözlənilir.