Gürcüstanda yeni qərar: Nifrət nitqi və təhqir kampaniyalarına DİN nəzarət edəcək

May 18, 2026 - 15:47
 0  21
Gürcüstanda yeni qərar: Nifrət nitqi və təhqir kampaniyalarına DİN nəzarət edəcək

Gürcüstan Daxili İşlər Nazirliyində (DİN) ictimai məkanda nifrət nitqi, təhqiredici kampaniyalar və aqressiv kommunikasiyaların sistemli monitorinqini aparacaq və hüquqi reaksiya verəcək xüsusi idarə yaradılır.

 Xeber.ge xəbər verir ki, bu barədə Gürcüstanın vitse-premiyeri, hüquq-mühafizə orqanlarının koordinasiyası məsələləri üzrə dövlət naziri Mamuka Mdinaradze bu gün keçirdiyi brifinqdə bəyan edib.

Yeni yaradılacaq xüsusi idarə proaktiv (qabaqlayıcı) rejimdə fəaliyyət göstərəcək. Qurumun hüquqi reaksiyası yalnız vətəndaşların şikayətlərindən asılı olmayacaq.

İdarə ictimai məkanda monitorinqləri özü təşkil edəcək, hüquqi qiymətləndirmə aparacaq və zərurət yarandıqda materialları birbaşa məhkəməyə göndərəcək.

Bura nifrət nitqi, ədavətin qızışdırılması, şərəf və ləyaqətin təhqir olunmasını ehtiva edən istənilən növ ictimai kommunikasiya və media kampaniyaları daxildir.

Mamuka Mdinaradze qeyd edib ki, Gürcüstanın Daxili İşlər naziri ilə aparılan ətraflı və məzmunlu məsləhətləşmələrdən sonra bu qərara gəlinib.

O, bir neçə ay əvvəl Baş nazir İrakli Kobaxidze tərəfindən irəli sürülən "ictimai debat məkanının açılması" təşəbbüsünün növbəti mərhələsinə keçildiyini bildirib:

"İllər ərzində bəzi xarici aktorlar tərəfindən cəmiyyətdə fikir müxtəlifliyinin, arqumentləşdirilmiş debatların və konstruktiv polemikanın qarşısını almaq üçün ictimai müzakirə məkanı süni şəkildə qapadılıb.

Bunun əvəzinə xarici qüvvələr qarşıdurmanı, ədavəti və polarizasiyanı təşviq ediblər. Təəssüf ki, həm siyasi, həm də sosial həyatda təhqiredici və aqressiv ritorika bir növ standarta çevrilib. Məsuliyyətli hökumət olaraq hesab edirik ki, dövlətin vəzifəsi fərqli fikirlərin qorunduğu, eyni zamanda nifrət və düşmənçiliyin qəbuledilməz olduğu bir mühit yaratmaqdır".

Vitse-premyer yeni strukturun ən qısa zamanda formalaşdırılacağını və fəaliyyətə başlayacağını vurğulayıb.