Gürcüstanda vəziyyət yanvardan bəri daha da pisləşib

Apr 10, 2025 - 19:56
 0  21
Gürcüstanda vəziyyət yanvardan bəri daha da pisləşib

Avropa Şurası Parlament Assambleyasında Gürcüstanla bağlı keçirilən debatlarda portuqaliyalı deputat Edit Estrela bildirib ki, ölkədə yanvar ayından sonra vəziyyət dəyişməyib və Assambleyanın tövsiyələrinin yerinə yetirilməsi baxımından heç bir irəliləyiş müşahidə olunmur.

“Bu, Gürcüstan haqqında təqdim etmək istədiyim qətnamə deyil. Bu, yaz sessiyasında gözlədiyim debatlar da deyil. Xatırlayırsınızsa, yanvarda Assambleya Gürcüstan nümayəndə heyətinin mandatını təsdiqləyən qətnamə qəbul etmişdi. Həmin qətnamədə Gürcüstanda mövcud siyasi böhran, dinc nümayişçilərə və ifadə azadlığına qarşı polis zorakılığı, eləcə də müxalifətə və vətəndaş cəmiyyətinə qarşı təzyiqlər ciddi narahatlıqla qeyd olunmuşdu. Təəssüf ki, vəziyyət dəyişməyib, əksinə, yeni məlumatlara görə daha da pisləşib,” – deyə Estrela bildirib.

Onun sözlərinə görə, vəziyyət bütün sahələr üzrə geriləyib:

“Assambleya nümayəndə heyətinin mandatını məhdudiyyətlərlə tanıdı və ölkədəki böhranın həlli üçün dəqiq tövsiyələr və çağırışlar irəli sürdü. Bu sessiyada bu sahədə aydın və ölçülə bilən irəliləyiş gözlənilirdi. Təəssüf ki, bu baş vermədi. Demokratik geriləmə davam edir, vəziyyət praktiki olaraq bütün cəbhələrdə daha da pisləşib.”

Estrela qeyd edib ki, Assambleyanın inklüziv dialoqun başlanması, demokratik seçkilər üçün əlverişli mühitin yaradılması ilə bağlı çağırışları cavabsız qalıb. Əksinə, seçki qanunvericiliyinə edilən bir sıra dəyişikliklər vəziyyəti daha da ağırlaşdırıb.

O əlavə edib ki, mitinq iştirakçıları, jurnalistlər və vətəndaş cəmiyyətinin nümayəndələrinə qarşı hüquqi təzyiqlər və həbslər davam edir:

“İnsanlar hüquqi əsas olmadan həbs edilir və ilkin həbs müddətləri uzadılır. Polis zorakılığı halları araşdırılmır, cəzasızlıq hökm sürür. İnsan haqları təşkilatlarının məlumatına görə, saxlanılanların bir çoxu işgəncəyə və qeyri-insani rəftara məruz qalıb. Bu gedişata son qoyulmalıdır. Demokratik geriləmə dayandırılmalı və Assambleyanın tövsiyələri dərhal həyata keçirilməlidir.”

mənbə: interpress