Gürcüstanda seçkilər mifi yalnız müxalifəti parçalamağa xidmət edir

Jul 9, 2025 - 20:23
 0  27
Gürcüstanda seçkilər mifi yalnız müxalifəti parçalamağa xidmət edir

Ölkədə yerli seçkilərin keçirilməsi sadəcə bir mifdir və bunun əsas məqsədi müxalifəti parçalamaqdır.

Bu barədə Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili bildirib.

O, qeyd edib ki, nə seçkilərdə iştirak kampaniyası, nə də boykot kampaniyası effektiv deyil və hər iki istiqamətdə böyük maliyyə və insan resursları boşa xərclənir.

Zurabişvilinin sözlərinə görə, ölkədə kriminal və mafiya üsullarına əsaslanan qorxu və təhdid sistemi hökm sürür və vətəndaşların heç biri özünü təhlükəsiz hiss etmir:

“Bizim ölkədə hökm sürən kriminal, mafiya qaydaları var – sövdələşmə, qorxutma. Artıq heç bir vətəndaş qorunmur. Kim inanır ki, bu ölkədə yerli seçkilər keçirilə bilər – bu böyük bir mifdir. Əslində, seçkilər deyil, yalnız ‘Gürcü Arzusunun’ müxalifəti parçalamaq və qarşı-qarşıya qoymaq üçün ortaya atdığı bir mövzudur. Məqsəd müxalifəti iki cəbhəyə bölmək, onları bir-birinə qarşı qoymaqdır və buna artıq nail olunub.”

Zurabişvili vurğulayıb ki, seçki kampaniyası ölkəni absürd teatr səhnəsinə çevirib:

“Biz tamamilə absürd bir teatrdayıq və hamı öz rolunu oynayır – iki tərəf arasında təhqir, söyüş, təzyiq gedir. Mən əminəm ki, bu seçkilər baş tutmayacaq və sona qədər aparılmayacaq. Ancaq bu vaxta qədər müxalifət parçalanıb və etiraz zəifləyib. Bizim yeganə gücümüz birlikdir.”

O, həm seçkilərdə iştirakın, həm də boykotun mənasız olduğunu bildirib:

“Seçkilərdə iştirak tərəfi də uğursuzluqla bitəcək. Bu şəraitdə qələbə formulu yoxdur. İştirak tərəfdarı olan partiyalar belə rejim üzərində qələbəni və ya onun zəiflədilməsini hədəflədiklərini demirlər. Əgər məqsəd partiya konsolidasiyasıdırsa, o da baş verməyəcək – artıq elə bir diskreditasiya olub ki, gələcəkdə də konsolidasiya olmayacaq. Real nəticə əldə olunmayacaq.”

Zurabişvili boykot kampaniyasını da tənqid edib:

“Digər tərəfdən boykot kampaniyası da absurddur. Heç bir boykot nümunəsi yoxdur ki, onu hansısa qələbə kimi təqdim etmək olar. İndiki şəraitdə seçkilər necə saxtalaşdırılacaqsa, boykot nəticələri də daha asanlıqla saxtalaşdırılacaq. Qorxu, pul və təhdid şəraitində insanları seçkiyə aparmaq olar, hətta əleyhdarları belə. Ümumiyyətlə, diktator rejimlərdə boykot kampaniyaları belə bitir.”

Zurabişvili çıxışında çıxış yolunun yalnız birlik olduğunu vurğulayıb və hər cür qarşıdurmanın yalnız hökumətin əlində son alət olduğunu bildirib.

mənbə: interpress