Gürcüstanda rüşvət verməyə cəhd edən iki nəfər saxlanılıb

Gürcüstan Prokurorluğu vəzifəli şəxsə rüşvət verməyə cəhd faktı üzrə iki şəxsin saxlanıldığını açıqlayıb.
Rəsmi məlumata görə, saxlanılan şəxslər qanunsuz ağac materiallarının əldə olunması və daşınmasının təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Raça-Leçxumi və Aşağı Svaneti Polis Departamentinin rəhbərlərindən birinə əvvəlcə 5 000 lari rüşvət təklif ediblər. Onlar gələcək qanunsuz fəaliyyətlərə himayədarlıq müqabilində hər bir yüklənmiş yük avtomobili üçün mütəmadi olaraq 2 000 lari verməyə razılaşıblar.
Qərbi Gürcüstanın dairəvi prokurorluğunun İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilib ki, rüşvət təklifi hüquq-mühafizə əməkdaşı tərəfindən dərhal prokurorluğa bildirilib və bunun əsasında istintaq başlanılıb.
2025-ci il iyunun 20-də Gürcüstan Prokurorluğunun əməkdaşları hər iki şəxsi rüşvətin bir hissəsi – 3 000 lari – təqdim edildikdən sonra saxlayıblar.
Fakt üzrə istintaq Cinayət Məcəlləsinin 339-cu maddəsinin ikinci hissəsi ilə aparılır. Bu maddə 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Prokurorluq bildirir ki, rüşvət cinayətlərinə qarşı mübarizə prioritetlərdən biridir və gələcəkdə də bu istiqamətdə ciddi cinayət hüquq siyasəti davam etdiriləcək. Vətəndaşlara belə hallarla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanlarına məlumat vermək çağırışı edilib.
mənbə: interpress