Gürcüstanda "qanuni oğru" dünyasına qarşı irimiqyaslı əməliyyat: 45 nəfər saxlanılıb-VİDEO

Feb 3, 2026 - 12:08
 0  16

Gürcüstan Daxili İşlər Nazirliyi  paytaxt Tbilisi və regionlarda "oğru dünyası" ilə əlaqəli şəxslərə qarşı genişmiqyaslı əməliyyat keçirib.

Son 24 saat ərzində 45 nəfər saxlanılıb, daha 15 nəfərə isə qiyabi və ya cəzaçəkmə müəssisələrində ittiham irəli sürülüb.

Xeber.ge xəbər verir ki, bu barədə Tbilisi Polisi Departamentinin direktoru Vaja Siradze keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, ittiham olunan şəxslər arasında 3 "qanuni oğru" da var.

İstintaqla müəyyən edilib ki, xaricdə yaşayan "qanuni oğru"lar — Sulxan Caparidze (Tvalçrelidze), ləqəbi "Suxo" və Petre Bakradze, ləqəbi "Paata Tbiliski" məsafədən "oğru sxemləri" təşkil edərək vətəndaşlar arasındakı maliyyə mübahisələrinə müdaxilə ediblər. Onlar "oğru ənənələri"nə uyğun olaraq qərarlar qəbul ediblər.

Həmçinin bildirilib ki, "Cvarski" ləqəbli "qanuni oğru" Revaz Ubilava "oğru söhbətlərini" öz ailə üzvlərinin — anası və qardaşının köməyi ilə idarə edib. Polis hər iki ailə üzvünü digər şübhəlilərlə birlikdə saxlayıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 223-cü (prim, tersiya və kvarta) maddələri ilə istintaq aparılır. Təqsirləndirilən şəxsləri 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.