Gürcüstanda polis rəzaləti: Saxlanılan şəxsi yerə yıxıb təpiklədilər —VİDEO

May 27, 2026 - 14:52
 0  198

Gürcüstanın Qori şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə dəhşətli zorakılıq faktı qeydə alınıb.

Xeber.ge xəbər verir ki, "Tv Pirveli" telekanalının əldə etdiyi gizli video-görüntülərdə polis formasında olan bir qrup şəxsin saxlanılan vətəndaşa qarşı amansız rəftarı əks olunub.

Yayılan video-materialda aydın şəkildə görünür ki, polislər qanunsuz olaraq saxlanılan şəxsi yerə yıxıb, onu nalayiq söyüşlərlə təhqir edir və qrup halında fiziki zorakılıq tətbiq edirlər. Kadrlar zamanı asayiş keşikçilərindən birinin yerdə uzanan və kömək istəyən vətəndaşı təpiklədiyi, digər bir polisin isə baş verən bu zorakılıq anını soyuqqanlı şəkildə öz mobil telefonunun kamerası ilə lentə aldığı görünür.

Videoda köməksiz vəziyyətdə qalan kişinin fəryad edərək ətrafdakılardan kömək istədiyi eşidilir.

Verilən rəsmi və yerli məlumatlara görə, hadisə Qori şəhərinin Kombinat yaşayış massivində (dasanaxleba) keçirilən xüsusi əməliyyat zamanı baş verib.

 Hazırda "Tv Pirveli" telekanalının çəkiliş qrupu hadisə yerindədir və insidentin təfərrüatlarını araşdırır.

Məlum xəbərin yayılmasından sonra ictimaiyyət və hüquq müdafiəçiləri Daxili İşlər Nazirliyindən və Baş Prokurorluqdan səlahiyyətindən sui-istifadə edən və vətəndaşı işgəncəyə məruz qoyan polislərin dərhal işdən kənarlaşdırılmasını və cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər.