Gürcüstanda kütləvi əməliyyat: Narkotik cinayətinə görə 135 nəfər tutuldu

Aug 13, 2026 - 11:36
 0  6
Gürcüstanda kütləvi əməliyyat: Narkotik cinayətinə görə 135 nəfər tutuldu

Daxili İşlər Nazirliyinin bəyanatına görə, son bir neçə gün ərzində ölkə miqyasında keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik cinayəti ittihamı ilə 135 nəfər saxlanılıb, onların arasında narkotik vasitələrin satışı ilə müxtəlif formada məşğul olan 55 şəxs var.

XEBER.GE xeber  verir ki, qurumun bildirdiyinə görə, saxlanılanlar həm Gürcüstan, həm də xarici ölkə vətəndaşlarıdır.

"İstintaqla müəyyən edilir ki, saxlanılan şəxslər narkotik vasitələrin yayılması üçün müxtəlif üsullardan istifadə ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları, hakim Qərarı əsasında, bir neçə dəfə narkotik vasitələrin nəzarət alışı prosesini həyata keçirib və sözügedən alışların gizli audio-video yazısını aparıblar.

Polis narkotik cinayəti ittihamı ilə saxlanılan şəxslərin üzərində, avtomobillərində və yaşayış evlərində aparılan axtarışlar zamanı, eləcə də onların göstərdiyi yerlərdən nəzarət qaydasında xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr götürüb.

Həmçinin narkotik vasitələrin qanunsuz satışı nəticəsində əldə edilmiş pul vəsaiti və qanunsuz olaraq əldə edilmiş odlu silahlar da maddi sübut kimi götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260, 260-cı kvarta, 260-cı tertsiya, 261, 263, 265-ci prima və 236-cı maddələri ilə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Daxili İşlər Nazirliyi narkotik satanların və narkotik vasitələrin qanunsuz dövriyyəsinə cəlb olunmuş şəxslərin üzə çıxarılmasını fəal şəkildə davam etdirir.

Ölkəyə narkotik vasitələrin qanunsuz gətirilməsinin və yayılmasının qarşısını almaq məqsədilə polis digər müvafiq hüquq-mühafizə qurumları ilə sıx koordinasiyada quru, dəniz və hava sərhədlərinin maksimum mühafizəsini və nəzarətini təmin edir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə, satılmasına və ya buna şərait yaradılmasına cəlb olunmuş istənilən şəxs qanunun bütün sərtliyi ilə cəzalandırılacaq", — DİN-in bəyanatında bildirilir.