Gürcüstanda mikroavtobus qəzasında azı 4 Belarus vətəndaşı ölüb
Gürcüstanın qərbində yerləşən Quriya bölgəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 4 Belarus vətəndaşı həlak olub.
Bu barədə "Interpressnews" informasiya agentliyi məlumat yayıb.
Qeyd olunub ki, turistləri daşıyan mikroavtobus Qomismta kurort qəsəbəsindən Ozurqeti şəhərinə gedərkən qəzaya uğrayıb. İlkin məlumata görə, sürücü idarəetməni itirib və mikroavtobus yol kənarındakı dərəyə düşüb.
Qəza nəticəsində bir neçə sərnişin, o cümlədən uşaqlar xəsarət alıb. Yaralılar müxtəlif klinikalara çatdırılıb. Mikroavtobusun sürücüsünün xəsarət almadığı bildirilir.
Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı cinayət işi açıb. İş iki və ya daha çox şəxsin ölümü ilə nəticələnən nəqliyyat vasitəsinin hərəkəti və ya istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə araşdırılır. Həmin maddə üzrə 6 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
mənbə: reportaz