Gürcüstanda köhnə diplomlar magistr dərəcəsinə bərabər tutulacaq

Apr 16, 2026 - 22:45
 0  15
Gürcüstanda köhnə diplomlar magistr dərəcəsinə bərabər tutulacaq

Gürcüstan parlamentinə "Ali təhsil haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi təqdim edilib. Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan yeni qanun layihəsi minlərlə məzunun diplomunun tanınması və statusunun artırılması prosesini sadələşdirir.

 Xeber.ge xeber  verir ki, dəyişikliklər həm dərəcələrin bərabərləşdirilməsini, həm də akkreditasiyadan keçməmiş ali məktəblərin diplomlarının tanınmasını əhatə edir.

 Yeni qanun layihəsinə əsasən, 2010-cu il sentyabrın 1-dək birpilləli təhsil proqramını bitirmiş şəxslərin diplomları magistr dərəcəsinə bərabər tutulacaq.

  • İndiyədək tətbiq olunan qaydalara görə, 4 illik birpilləli proqram məzunlarının diplomu bakalavr, 5 illik proqram məzunlarınınkı isə magistr dərəcəsinə bərabər hesab edilirdi.
  • Nazirlik bu yanaşmanı qeyri-ədalətli və qeyri-bərabər hesab edərək, məhkəmə müdaxiləsi olmadan bütün bu növ diplomların magistr statusu almasını təklif edir.

 Dəyişikliklərin digər mühüm hissəsi 2010-cu ilin sentyabrınadək verilmiş akkreditasiyasız diplomlarla bağlıdır.

  • Həmin dövrdə akkreditasiyasını itirmiş və ya ondan keçməmiş ali təhsil müəssisələrində təhsilini bitirən şəxslər artıq məhkəməyə müraciət etmədən diplomlarının həqiqiliyini təsdiq edə biləcəklər.
  • Bu, həmçinin təhsil müəssisəsinin lisenziya almasından bir neçə həftə və ya ay əvvəl qəbul olmuş, lakin təhsilinin bir hissəsini texniki səbəblərdən lisenziyasız rejimdə almış şəxslərə də şamil olunacaq.

  Qanun layihəsinin izahat vərəqəsində qeyd olunur ki, Gürcüstan Ali Məhkəməsi artıq bu növ işlər üzrə müsbət təcrübə formalaşdırıb və vətəndaşlar məhkəmə yolu ilə öz hüquqlarını bərpa edirlər. Qanunvericilik dəyişikliyi isə vətəndaşları əlavə bürokratik maneələrdən və məhkəmə xərclərindən azad edərək prosesin birbaşa həllini təmin etmək məqsədi daşıyır.