Gürcüstanda ilk dərinsulu limanın tikintisinə başlanılıb

Oct 23, 2024 - 11:12
 0  15
Gürcüstanda ilk dərinsulu limanın tikintisinə başlanılıb

Gürcüstan üçün strateji əhəmiyyət kəsb edən layihənin - Anakliya şəhərində dərinsulu dəniz limanının tikintisinə başlanılıb.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

“Bu gün ölkəmiz üçün çox böyük strateji əhəmiyyət kəsb edən layihənin - Anakliya dərinsulu limanının tikintisinin başlanmasını qeyd edirik. Limanın dəniz infrastrukturunun layihələndirilməsi və tikintisi üzrə tenderin qalibi olmuş Belçikanın “Jan De Nul” şirkəti, plana uyğun olaraq, artıq sentyabrın 16-da işə başlayıb. Bu liman ölkənin liman infrastrukturunun inkişafında, eləcə də infrastrukturun təkmilləşdirilməsində və Avropa və Asiyanın nəqliyyat sistemlərini birləşdirən Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayacaq”, - o, açılış mərasimindəki çıxışı zamanı deyib.

Kobaxidzenin sözlərinə görə, birinci mərhələdə dəniz limanının akvatoriyasının dərinləşdirilməsi planlaşdırılır və intensiv işlər nəticəsində artıq irəliləyiş əldə olunub.

“Liman layihəsi üçün özəl tərəfdaşın seçilməsi prosesinə gəlincə, indiki mərhələdə Çin-Sinqapur konsorsiumu ilə təqdim olunmuş təklifin təfərrüatları dəqiqləşdirilir, bundan sonra yaxın vaxtlarda tərəfdaşlıq müqaviləsi imzalanacaq”, - Baş nazir söyləyib.

Onun sözlərinə görə, layihənin birinci mərhələsində tikinti və logistika işlərində 500-ə qədər insan işlə təmin olunacaq. Limanın ötürmə qabiliyyəti, Baş nazirin qeyd etdiyi kimi, layihənin birinci mərhələsinin həyata keçirilməsi ilə 600 min konteyner, təxmini investisiya dəyəri isə 600 milyon ABŞ dolları təşkil edəcək.

mənbə: report