Gürcüstanda azərbaycanlı saxlanıldı
Gürcüstanda qəsdən adam öldürməyə cəhd ittihamı ilə 35 yaşlı Azərbaycan vətəndaşı N.A. saxlanılıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) sosial şəbəkə hesabında məlumat verilib.
İstintaqla müəyyən edilib ki, Tbilisidə sözügedən azərbaycanlı şəxs qarşılıqlı mübahisə zəminində 1997-ci il təvəllüdlü xarici ölkə vətəndaşı İ.M.-ya soyuq silahla xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Yaralanan şəxs tibb müəssisəsinə yerləşdirilib.
Əməliyyat tədbirləri nəticəsində polis təqsirləndirilən şəxsi qısa müddət sonra yaxalayıb.
O, günahı sübuta yetirilərsə, 15 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Faktla bağlı istintaq davam etdirilir.