Bütün seçki məntəqələri açıqdır, səsvermə sakit şəraitdə keçirilir

Oct 4, 2025 - 09:34
 0  13
Bütün seçki məntəqələri açıqdır, səsvermə sakit şəraitdə keçirilir

Bu gün, 4 oktyabrda Gürcüstanda yerli özünüidarəetmə seçkiləri rəsmən başlayıb.

Ölkə üzrə bütün 3 061 seçki məntəqəsi səhər saat 08:00-da açılıb və səsvermə heç bir gecikmə və ya texniki problem olmadan davam edir.

Məlumatı Mərkəzi Seçki Komissiyasının (MSK) sözçüsü Natia İoseliani brifinq zamanı verib. Onun sözlərinə görə, bu seçkilərdə ümumilikdə 3 513 818 seçici qeydiyyatdan keçib.

İoselianinin açıqlamasına əsasən, 2 284 məntəqədə səsvermə elektron qaydada, 777 məntəqədə isə ənənəvi formada keçirilir. Onların arasında 10 xüsusi məntəqə cəzaçəkmə müəssisələrində fəaliyyət göstərir.

Seçkilərdə 28 beynəlxalq təşkilatdan 80-dən çox müşahidəçi, 27 yerli təşkilatdan isə 8 000-dən artıq müşahidəçi iştirak edir. Seçki prosesini həmçinin 73 media qurumunun minə yaxın əməkdaşı işıqlandırır.

MSK sözçüsünün sözlərinə görə, 3 130 348 seçici elektron sistemlə səs verəcək, bu il isə 47 minə yaxın gənc ilk dəfə seçkidə iştirak edəcək.

Natia İoseliani həmçinin seçicilərə xatırladıb ki, seçki məntəqəsinə gələn hər kəsin şəxsiyyət vəsiqəsi və ya pasportu olmalıdır. O, qeyd edib ki, səsvermə axşam saat 20:00-da başa çatacaq, lakin həmin vaxt növbədə olan seçicilər səsvermə hüququndan istifadə edə biləcəklər.

MSK seçkilərin qanuna tam uyğun, şəffaf və yüksək peşəkarlıq səviyyəsində keçirildiyini bəyan edib.

“Seçkilər ümumi işdir. Biz bütün vətəndaşlara müraciət edirik – aktiv olun, seçkilərə gəlin və səsvermə hüququnuzu istifadə edin. Həmçinin siyasi partiyaları, QHT-ləri və medianı çağırırıq ki, seçki prosesinin sakit və azad şəraitdə keçirilməsinə töhfə versinlər,” – deyə İoseliani bildirib.

Günün gedişində MSK-nın “contact hub” xidməti (2 51 00 51) və medi mərkəzi fasiləsiz rejimdə işləyəcək, burada jurnalistlər və müşahidəçilər istənilən məlumatı əldə edə biləcəklər.

mənbə: interpress