Gürcüstanda beynəlxalq donorların qrant ayırmasına hökumət razılığı tələb olunacaq

Gürcüstan Parlamenti sürətləndirilmiş rejimdə “Gürcü Arzusu” fraksiyasının təşəbbüsü ilə hazırlanmış qanunvericilik paketini üçüncü oxunuşda qəbul etdi.
Yeni qanuna əsasən, beynəlxalq donor təşkilatları artıq hökumətin razılığı olmadan qrant verə bilməyəcək.
Qanunvericilik dəyişikliyi “Siyasi Partiyalar haqqında”, “Qrantlar haqqında” və digər əlaqəli qanunlara təsir edəcək. Layihəyə 80 deputat yekdilliklə səs verdi.
Qanuna görə, beynəlxalq təşkilatlara siyasi partiyalar üçün seminar, mühazirə və digər ictimai tədbirlərin keçirilməsi də qadağan edilir.
Xarici qrantların verilməsi üçün hökumətin və ya onun müəyyən etdiyi səlahiyyətli şəxsin razılığı tələb olunacaq. Razılıq olmadan verilən və qəbul edilən qrant qanun pozuntusu sayılacaq və hüquqi məsuliyyətə səbəb olacaq. Qadağan olunmuş qrantların monitorinqini Antikorrupsiya Bürosu həyata keçirəcək. Belə hallarda qrant alan tərəf həmin məbləğin ikiqatı qədər cərimələnəcək.
Qanun müəyyən istisnaları da nəzərdə tutur: beynəlxalq idman assosiasiyaları, federasiyalar və komitələr tərəfindən verilən qrantlar, eləcə də Gürcüstandan kənarda orta və ali təhsil, elmi tədqiqat üçün ayrılan fərdi təqaüdlər hökumət razılığı tələbindən azad ediləcək.
mənbə: interpress