Gürcüstan vətəndaşlarını xaricdə işlə təmin edən şirkətlər sertifikatsız fəaliyyət göstərə bilməyəcək

Dec 19, 2025 - 11:37
 0  34
Gürcüstan vətəndaşlarını xaricdə işlə təmin edən şirkətlər sertifikatsız fəaliyyət göstərə bilməyəcək

Gürcüstan vətəndaşlarının ölkə hüdudlarından kənarda işlə təmin edilməsi ilə məşğul olan şirkətlər, eləcə də işə qəbul üzrə vasitəçi şirkətlər müvafiq sertifikat almalı və zəmanət sənədi təqdim etməlidirlər.

 

Xeber.ge xəbər verir ki, müvafiq qərar “Qanunvericilik bülleteni”nin rəsmi saytında dərc olunub.

 

Şirkət öhdəliklərin yerinə yetirilməsinə dair zəmanət sənədini, ödəmə qabiliyyəti haqqında arayışı və borclular reyestrindən çıxarışı təqdim etdikdən sonra sertifikat Dövlət Məşğulluğa Dəstək Agentliyi tərəfindən veriləcək.

 

Bundan əlavə, şirkətlər özləri və rəhbərliyi barədə məlumat, funksiyalarını yerinə yetirmək üçün maddi-texniki resursların mövcudluğu, həmçinin hüquqi və faktiki ünvanlar barədə məlumat təqdim etməyə borclu olacaqlar.

 

Sertifikat bütün sənədlər yoxlanıldıqdan sonra 10 gün ərzində veriləcək və onun etibarlılıq müddəti bir il olacaq. Müddət başa çatdıqdan sonra sertifikat yenilənməlidir.