Gürcüstan polisi Qurcaanidə baş verən bıçaqlanma hadisəsinin üstünü açıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Qurcaani Rayon İdarəsinin əməkdaşları tərəfindən qəsdən adam öldürməyə cəhd göstərməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxs saxlanılıb.
Xeber.ge xəbər verir ki, əməliyyat "isti izlər"lə həyata keçirilib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Qurcaani bələdiyyəsi ərazisində aralarında yaranmış mübahisə zəminində bir kişiyə soyuq silahla (bıçaqla) çoxsaylı xəsarətlər yetirib və hadisə yerindən qaçıb.
Ağır yaralanan şəxs dərhal təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi operativ-istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxs qısa müddətdə saxlanılıb. Cinayət aləti olan bıçaq polis tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə cinayət işi başlanılıb. Bu maddənin tələblərinə əsasən, saxlanılan şəxsi 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.