Gürcüstan polisi beynəlxalq narkotik şəbəkəsini çökdürüb
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində külli miqdarda narkotik vasitələrin qanunsuz alqı-satqısı və saxlanılmasında şübhəli bilinən 11 nəfər saxlanılıb.
Bu barədə məlumatı Gürcüstan DİN yayıb.
Xeber.ge xeber verir ki,
Tutulan şəxslər arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.
Polis şübhəli şəxslərin üzərinə və yaşayış evlərinə baxış keçirib, həmçinin istintaq eksperimentləri zamanı onların göstərdiyi yerlərdən satış üçün hazırlanmış külli miqdarda narkotik və psixotrop maddələr götürüb.
Narkotik vasitələr arasında "Metadon", "Alfa-PVP", "MDMA", "Mefedron", "Metamfetamin", "Preqabalin", həmçinin bir kiloqrama yaxın "Amfetamin" və 4 kiloqramdan çox qurudulmuş "Marixuana" aşkar edilib.
Saxlanılan bəzi şəxsləri ifşa etmək üçün polis onların adına göndərilmiş bağlamaların içindəki narkotikləri digər maddələrlə əvəzləyərək nəzarətli çatdırılma həyata keçirib.
Əməliyyat zamanı narkotik vasitələrin qablaşdırılması üçün nəzərdə tutulan xüsusi avadanlıq və materiallar da müsadirə olunub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260, 260-kvarta, 19-260 və 261-ci maddələri ilə istintaq aparılır. Təqsirləndirilən şəxsləri 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.