Gürcüstan Müstəqillik Gününü qeyd edir
Xeber.ge xəbər verir ki, Gürcüstan Müstəqillik Gününü qeyd edir – gün ərzində həm paytaxtda, həm də ölkənin bölgələrində çoxsaylı mədəni tədbirlər keçiriləcək.
Bayram 1918-ci ildə Noe Jordaniyanın rəhbərlik etdiyi ilk demokratik hökumət tərəfindən Gürcüstanın müstəqilliyinin elan olunması tarixinə həsr olunub. Birinci Demokratik Respublika iki il yarım mövcud olub.
Gürcüstan müstəqilliyini 1991-ci ildə bərpa edib. 9 aprel referendumunun nəticələrinə əsasən müvafiq akt respublikanın Ali Soveti tərəfindən qəbul edilib.
Müstəqillik Günü ilə bağlı ən geniş proqram ənənəvi olaraq Tbilisidə keçiriləcək. Bayram hərbi xidmətə çağırılanların təntənəli andiçmə mərasimi ilə başlayacaq.
Bundan əlavə, gün ərzində Gürcüstanın müxtəlif şəhərlərində mədəni və idman tədbirləri, eləcə də uşaqlar üçün proqramlar təşkil olunacaq.