Gürcüstan hökuməti qiymət artımında distribütorları ittiham edir

Jan 23, 2026 - 21:14
 0  29
Gürcüstan hökuməti qiymət artımında distribütorları ittiham edir

Gürcüstanın Qiymətlər üzrə Komissiyasının ikinci iclasında ərzaq və məişət məhsullarının bahalaşmasında əsas məsuliyyət daşıyıcısı kimi distribütor şirkətləri göstərilib.

Xeber.ge xeber  verir ki, Baş nazir İrakli Kobaxidze bəyan edib ki, qiymət artımında ən böyük pay məhz distribütorların üzərinə düşür. Onun sözlərinə görə, məhsulun sərhəddən piştaxtaya qədər olan qiymət əlavəsi (marja) təxminən 86% təşkil edir, bundan sonra isə şəbəkə marketləri qiyməti daha da artırırlar.

DTX və Maliyyə Polisi ofislərə daxil olub

Hökumət Administrasiyasına çağırılan distribütor şirkətlərinin nümayəndələri ilə görüş Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Maliyyə Polisinin həmin şirkətlərin baş ofislərində yoxlamalar aparmasından sonraya təsadüf edib.

Biznesmenlər qiymətlərin yüksək olduğunu etiraf etsələr də, problemin kompleks xarakter daşıdığını və qanunvericiliyin tənzimlənməsi baxımından dövlətin də məsuliyyət daşıdığını bildiriblər.

Kobaxidzenin Gürcüstandakı qiymətləri Almaniya ilə müqayisə etməsinə cavab olaraq distribütorlar qeyd ediblər ki, Almaniya bazarı həcmcə böyükdür, yerli istehsal inkişaf edib və vergi mühiti tamamilə fərqlidir.

10 fərqli faktor və dövlət nəzarəti

İqtisadiyyat naziri Mariam Kvrivişvilinin sözlərinə görə, qiymət artımına təxminən 10 amil təsir göstərir.

Bu səbəbdən hökumət əlavə nəzarət mexanizmlərini işə salmaq qərarına gəlib.

 Nazir iddia edir ki, son bir həftə ərzində keçirilən görüşlərdə biznes nümayəndələri hökumətin mövqeyi ilə tam razılaşıblar.

Qeyd olunur ki, görüşlərdə həm hakim partiyanın donorları, həm də dövlət satınalmalarında iştirak edən iri şirkətlərin rəhbərləri iştirak ediblər.