Gürcüstan hökuməti 6 ildən köhnə avtomobillərin idxalına qadağa qoyulmasını təklif edir

Feb 12, 2026 - 15:37
 0  3
Gürcüstan hökuməti 6 ildən köhnə avtomobillərin idxalına qadağa qoyulmasını təklif edir

Gürcüstan hökuməti 6 ildən çox istismar müddəti olan nəqliyyat vasitələrinin ölkəyə idxalını qadağan edən qanun layihəsini parlamentə təqdim edib.

Bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze hökumətin iclasında məlumat verib.

Baş nazirin sözlərinə görə, təşəbbüs ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin sağlamlığının qorunması və şəhərlərdə nəqliyyat hərəkətinin daha rahat təşkili məqsədi daşıyır.

İ.Kobaxidze bildirib ki, son illər ölkədə nəqliyyat vasitələrinin sayı kəskin şəkildə artıb. Onun sözlərinə görə, 2012-ci ildə Gürcüstanda 864 min nəqliyyat vasitəsi qeydiyyatda olubsa, hazırda bu göstərici 2 milyonu keçib.

Baş nazir qeyd edib ki, avtomobillərin sayındakı bu artım bir tərəfdən yol tıxaclarının yaranmasına, digər tərəfdən isə ekoloji vəziyyətin pisləşməsinə səbəb olur.

"Hesab edirik ki, bu sahədə əlavə və vacib tədbirlərin görülməsi zəruridir. Bu məqsədlə 6 ildən artıq yaşı olan nəqliyyat vasitələrinin idxalına qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsi parlamentə təqdim olunub. Kiçik istisnalar da nəzərdə tutulacaq. Bu addım ekologiya, insanların sağlamlığı və rahat hərəkətinin təmin edilməsi baxımından vacibdir", – deyə Baş nazir bildirib.

mənbə: report