Gürcüstan ATƏT-ə etiraz notası verib, sədr cərimələnib
Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Tbilisiyə səfərindən narahatlıq ifadə edib.
XİN ATƏT katibliyinə və təşkilatın iştirakçı dövlətlərinə etiraz notası ünvanlayıb.
Notada bildirilib ki, E.Valtonen Gürcüstana rəsmi səfər proqramı ilə yanaşı hökumət əleyhinə olan fəalların kiçik bir qrupunun təşkil etdiyi küçə aksiyasına qatılaraq Gürcüstandakı mövcud vəziyyətlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdi olan bəyanatla çıxış edib.
“Bu hərəkətlər ATƏT çərçivəsində əməkdaşlıq ruhuna ziddir və ATƏT sədri mandatından sui-istifadə kimi qiymətləndirilə bilər ki, bu da etimadı və gözlənilən neytrallığı sarsıdır, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri ilə bir araya sığmır”, - notada deyilir.
“İmedi” telekanalının məlumatına görə, Elina Valtonen Tbilisidə aksiyada iştirakı zamanı yolu qanunsuz olaraq bağladığına görə cərimələnib.
Gürcüstanın Daxili İşlər Nazirliyi informasiyanı təsdiqləyib.
Qeyd edək ki, Gürcüstanda aksiyalar zamanı yolun qanunsuz bağlanmasına görə cərimənin məbləği 5 min lari təşkil edir.
Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT sədri ilə görüşünü onun aksiyaya qatılması səbəbindən ləğv edib.
mənbə: apa