"Georgian Airways" bəzi uçuşları ləğv edir – Səbəb bahalı yanacaqdır
Gürcüstanın milli aviadaşıyıcısı "Georgian Airways" aviasiya yanacağının kəskin bahalaşması səbəbindən ciddi maliyyə çətinlikləri ilə qarşılaşıb.
Şirkət zərərləri minimuma endirmək üçün az yüklənmiş istiqamətlər üzrə reyslərin sayını azaldır.
Xeber.ge xeber verir ki,
V. Klimiçevanın sözlərinə görə, yanacaq qiymətlərindəki artım kiçik aviaşirkətlər üçün dözülməz yükə çevrilib. O, Paris reysini misal çəkərək qeyd edib:
"Paris istiqamətində bir gediş-dönüş reysi üçün təxminən 26 ton yanacaq tələb olunur ki, bu da 50 000 dollar deməkdir. Əgər təyyarədə 100 sərnişin olarsa, biletin qiyməti yalnız yanacaq xərcini ödəmək üçün 500 dollar olmalıdır.
Bizim halda isə gediş-dönüş bileti 300-350 avro civarındadır. Bu o deməkdir ki, aeroport rüsumları, naviqasiya, texniki xidmət, sığorta və qidalanma kimi digər xərclər tamamilə qarşılanmamış qalır".
Şirkət rəsmisi vurğulayıb ki, mövcud vəziyyətin davam etməsi aviaşirkəti iflas həddinə çatdıra bilər: "Bu rejimdə şərti olaraq daha 100 reys yerinə yetirilə bilər, lakin 101-ci reys artıq mümkün olmayacaq. Vəziyyət belə davam edərsə, şirkət müflis ola bilər".
Hazırda aviaşirkət rəhbərliyi xərclərin optimallaşdırılması istiqamətində addımlar atır və az tələbat olan marşrutlar üzrə uçuşların tezliyini azaldır.
Klimiçeva həmçinin qeyd edib ki, hazırda Gürcüstan hökuməti ilə aktiv məsləhətləşmələr aparılır. Şirkət dövlətin müəyyən yardımı sayəsində fəaliyyətini adi rejimdə davam etdirə biləcəyinə ümid edir.