Elene Xoştaria polislərə “qul” deyə müraciət etdiyi üçün 5000 lari cərimələnib

Müxalif siyasətçi Elene Xoştaria, polislərə “qul” deyə xitab etdiyi üçün hakim Nino Enukidze tərəfindən 5000 lari məbləğində cərimələnib.
Qərar bu gün, 8 iyulda Tbilisi Şəhər Məhkəməsində elan olunub.
“DROA” partiyasının (“Dəyişiklik üçün koalisiya”) lideri Elene Xoştariaya qarşı iş 24 iyunda — “Strategiya Aqmaşenebeli” lideri Qiorqi Vaşadzenin saxlanıldığı gün polis əməkdaşları ilə yaşanan insidentə görə başlanmışdı.
Həmin vaxt Elene Xoştaria polisləri belə təhqir etmişdi:
“Siz Bidzinanın qullarısınız, Bidzinanın [İvanişvili] nökərləri... Qio [Qiorqi Vaşadzeni nəzərdə tutaraq], qullar gəldi! Qullar gəldi! Gəlin, ey qullar!..”
Qeyd edək ki, Qiorqi Vaşadze 24 iyun tarixində “Gürcü Arzusu” tərəfindən qurulmuş mübahisəli parlamentin müvəqqəti istintaq komissiyasına gəlmədiyi üçün 7 ay həbs cəzası alıb. Hökmü hakim Nino Qalustaşvili elan edib.
Qiorqi Vaşadzeylə yanaşı, oxşar ittihamlarla daha yeddi siyasətçi də həbsdədir.
mənbə: marneulifm