Dünyada hər 10 saniyədə bir uşaq aclıqdan ölür
Dünyada təxminən 160 milyon uşaq xroniki qidalanma çatışmazlığı səbəbindən boy artımının ləngiməsindən əziyyət çəkir. Hər 10 saniyədə isə bir uşaq aclıq və ya onun yaratdığı xəstəliklər səbəbindən həyatını itirir.
XEBER.GE xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rusiyadakı Əlaqələndirmə Ofisinin direktoru Oleq Kobyakov TASS-a müsahibəsində deyib.
Onun sözlərinə görə, bu, ildə təxminən 3 milyon uşağın ölümü deməkdir. Kobyakov bildirib ki, uşaqlar həyatlarının ilk illərində kifayət qədər qidalanmadıqda, onların fiziki inkişafı və idrak qabiliyyətlərinə dəyən zərər sonradan bərpa olunmur.
BMT nümayəndəsi qeyd edib ki, son illərdə müəyyən irəliləyişlər də qeydə alınıb. Belə ki, altı aya qədər yalnız ana südü ilə qidalanan körpələrin sayı artıb, reproduktiv yaşda olan qadınlar arasında dəmir çatışmazlığı ilə bağlı anemiya halları isə azalıb.
Kobyakovun sözlərinə görə, 2000-2024-cü illər ərzində uşaq ölümü göstəricisi yarıdan çox azalsa da, 2025-ci ildə də vəziyyət narahatedici olaraq qalır. Ötən il dünyada 5 yaşına çatmamış 4,8 milyon uşaq həyatını itirib ki, bu da orta hesabla hər 6 saniyədə bir uşağın ölümü deməkdir.
BMT 2030-cu ilə qədər dünyada aclığın aradan qaldırılmasını Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərindən biri kimi müəyyən edib.
mənbə: publika.az