Dövlət büdcəsinə 4 milyonadək ziyan vurulub — 8 nəfər saxlanılıb

Dec 26, 2025 - 10:39
 0  13
Dövlət büdcəsinə 4 milyonadək ziyan vurulub — 8 nəfər saxlanılıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Gürcüstan Prokurorluğu ilə koordinasiyada aparılan operativ-istintaq tədbirləri nəticəsində, mütəşəkkil dəstə tərəfindən dövlət büdcəsinə dələduzluq yolu ilə 3 926 261 lari məbləğində ziyan vurulması faktı üzrə 8 nəfəri saxlayıblar. Bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

 

Xeber.ge xəbər verir ki, istintaqla müəyyən edilib ki, mütəşəkkil dəstənin üzvləri cinayət sxemi hazırlayıblar. Bu sxem çərçivəsində onlarla şirkət yaradılıb. Onların arasında “Namora 2021” MMC, “Tbili Kera” MMC, “Olimpus 1988” MMC, “Ramina 22” MMC, “Namora” MMC, “Kubiki” MMC, “Randa 2023” MMC, “Zaza 2022” MMC və “Evi 2022” MMC də var.

 

Həmçinin müəyyən edilib ki, qeyd olunan şirkətlər vasitəsilə 2021–2024-cü illərdə Svanetidən Gürcüstanın müxtəlif regionlarına təxminən 130 000 kubmetr həcmində, 102 milyon lari dəyərində ağac materialı daşınıb və sonradan satışa çıxarılıb.

 

Ağac materialının realizasiyası zamanı mütəşəkkil dəstənin üzvləri ƏDV bəyannamələrində saxta məlumatlar göstərməklə, dələduzluq yolu ilə dövlət büdcəsinə külli miqdarda — 3 926 261 lari ziyan vurublar.

 

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 210-cu maddəsinin 2-ci hissəsi, 205¹-ci maddəsinin 3-cü hissəsi və 185-ci maddəsinin 3-cü hissəsi ilə aparılır. Bu maddələr 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.