Dedoplistskaroda 4 nəfəri güllələyən şəxsə hökm oxunub

Mar 18, 2026 - 14:58
 0  16
Dedoplistskaroda 4 nəfəri güllələyən şəxsə hökm oxunub

Gürcüstanda dörd nəfərin qəsdən öldürülməsinə cəhd faktı üzrə məhkəmə prosesi yekunlaşıb.

 Xeber.ge xəbər verir ki, prokurorluğun təqdim etdiyi sübutlar əsasında məhkəmə təqsirləndirilən şəxsi ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd və odlu silahın qanunsuz dövriyyəsində təqsirli bilib.

 Məhkəmə araşdırması zamanı təsdiq olunub ki, hadisə 2025-ci il iyunun 23-də Dedoplistskaro bələdiyyəsinin Ozaani kəndində baş verib. Təqsirləndirilən şəxs qəsdən öldürmək niyyəti ilə avtomat silahdan zərərçəkmişlərə tərəf dəfələrlə atəş açıb.

Hadisə nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alsa da, vaxtında göstərilən tibbi yardım sayəsində onların həyatını xilas etmək mümkün olub. Atışma zamanı ərazidə olan digər şəxslərin də həyat və sağlamlığı üçün ciddi təhlükə yaranıb.

Siqnaxi Rayon Məhkəməsi müttəhimin cinayət əməlini sübuta yetirilmiş hesab edərək ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə hökm çıxarıb:

  • Maddə 19-109 ("b" və "l" bəndləri): İki və ya daha çox şəxsin həyatı üçün təhlükəli üsulla qəsdən öldürülməsinə cəhd;
  • Maddə 236 (3-cü və 4-cü hissələr): Odlu silah və sursatın qanunsuz əldə edilməsi, saxlanılması və gəzdirilməsi.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.