Bərzəx aləmi

Nov 19, 2024 - 11:32
 0  6
Bərzəx aləmi

Bərzəx, dünya ilə axirət dünyası arasında yerləşən bir aləmdir.

“Bərzəx” sözü ilkin olaraq iki şey arasında maneə olan bir şey deməkdir və sonra iki şey arasında qərar tutan hər şeyə “bərzəx” deyilir. Buna görə də dünya ilə axirət arasında qərar tutan aləmə “Bərzəx” deyilir. Quranın bir neçə ayəsində bəzən “qəbir aləmi” və ya “ruhlar aləmi” adlandırılan belə bir dünyanın varlığına işarə edilmişdir. “Onların önündə diriləcəkləri günə qədər "bərzəx" dünyası vardır” (Möminun, 100). Bu ayə, həmin məzmunda əhəmiyyət kəsb edən ayələrdəndir.
Belə bir dünyanın varlığını açıq şəkildə sübut edən digər ayələr arasında şəhidlərin həyatına aid olan ayələr də var. Necə ki, buyurur: “Allah yolunda öldürülənləri ölü sanma, həqiqətdə, onlar diridirlər və öz Rəbbiləri yanında ruzi yeyirlər” (Ali-İmran, 169). Burada Allah, Peyğəmbərə (s) xitab edir və “Bəqərə” surəsinin 154-cü ayəsində bütün möminlərə belə buyurur: “Allah yolunda öldürülənlərə ölü deməyin, onlar diridirlər. Amma siz bilmirsiniz”. Təkcə dünya şəhidləri kimi yüksək rütbəli möminlər üçün deyil, Firon və onun səhabələri kimi üsyankar kafirlər üçün də Bərzəxin varlığı Mömin surəsinin 46-cı ayəsində açıq şəkildə ifadə edilir: "Fironçuların (Bərzəx aləmində) hər səhər-axşam məruz qaldıqları həmin od! Qiyamət qopduğu gün isə fironçuları ən şiddətli əzaba daxil edin (deyiləcəkdir)".
Unudulmamalıdır ki, axirət dünyası Bərzəxdən fərqli bir şeydir. Axirət geniş məna kəsb edir və və onu ölümdən sonrakı dünya mənasında hesab edirlər ki, Bərzəxə, böyük qiyamətə və ondan sonraya şamil olur. Buna görə də, Bərzəx, insanların ölümdən sonra və qiyamətdən əvvəl yerləşdirildiyi axirət həyatının bir hissəsidir.

mənbə: iqna