Batumidə rüşvət alan Meriya müfəttişi saxlanılıb
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Anti-Korrusiya Agentliyinin əməkdaşları keçirilmiş istintaq və əməliyyat tədbirləri nəticəsində külli miqdarda rüşvət tələb etmə və alma faktı üzrə Batumi Meriyasının "Batumi Bələdiyyə Müfəttişliyi" QHT-nin (Qeyri-sahibkarlıq/Qeyri-kommersiya Hüquqi Şəxsinin) tikinti nəzarəti əməkdaşını saxlayıblar.
XEBER.GE xəbər verir ki, məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.
DTX-nin bildirdiyinə görə, istintaqla müəyyən edilib ki, saxlanılan şəxs Gürcüstan vətəndaşından Batumidə qanunsuz tikilmiş kommersiya təyinatlı sahəyə görə qanunla müəyyən edilmiş cərimədən yayınma müqabilində rüşvət alıb və bu zaman cinayət üstündə təqsirləndirilən şəxs qismində saxlanılıb.
"Batumi Bələdiyyə Müfəttişliyi"ndə saxlanılan şəxsin birbaşa vəzifəsi Batumi şəhəri ərazisində aparılan bütün kateqoriyalı tikinti obyektlərinə nəzarət etmək, həmçinin icazəsiz aparılan və artıq qanunsuz həyata keçirilmiş işlərə qanunla müəyyən edilmiş reaksiya vermək olub.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci hissəsi ilə aparılır. Bu maddə cəza olaraq 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.