Batumidə törədilmiş qətl faktı ilə bağlı saxlanılan 2 nəfərə həbs qətimkan tədbiri seçilib

Jul 21, 2025 - 14:10
 0  18
Batumidə törədilmiş qətl faktı ilə bağlı saxlanılan 2 nəfərə həbs qətimkan tədbiri seçilib

Prokurorluğun məlumatına görə, Batumidə ağırlaşdırıcı hallarda törədilmiş qətl, odlu silahın qanunsuz əldə edilməsi, saxlanması və daşınması, xüsusilə ağır

cinayət haqqında məlumat verməmək və Gürcüstan dövlət sərhədinin qrup halında qanunsuz keçilməsi faktları üzrə iki şəxsə ittiham irəli sürülüb.

Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, Türkiyə Respublikasının vətəndaşları 18 iyul tarixində qrup halında Gürcüstan dövlət sərhədini qanunsuz keçərək Türkiyədən Gürcüstana daxil olublar.

Elə həmin gün Batumidə yerləşən bir restoranda ittiham olunan şəxslərdən biri odlu silahdan dəfələrlə atəş açaraq Türkiyə vətəndaşı olan iki şəxsə hücum edib, sonra isə hadisə yerini digər şəxslə birlikdə tərk edib. Nəticədə, zərərçəkənlərdən biri hadisə yerində ölüb, digəri isə sağ qalıb.

İstintaqla həmçinin müəyyən olunub ki, hadisə zamanı həmin yerdə olan ikinci şəxs cinayətin törədildiyini bildiyi halda, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib.

Hüquq-mühafizə orqanları əməkdaşları şübhəli şəxsləri cinayətdən dərhal sonra saxlayıblar.

Birinci şəxsə aşağıdakı maddələr üzrə ittiham irəli sürülüb:

Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin "l" bəndi – iki və ya daha çox şəxsə qarşı qəsdən adam öldürməyə cəhd, 236-cı maddənin 3-cü və 4-cü hissələri – odlu silah və döyüş sursatlarının qanunsuz əldə edilməsi, saxlanması və daşınması, 344-cü maddənin 2-ci hissəsinin "a" bəndi – Gürcüstan dövlət sərhədinin qrup halında qanunsuz keçilməsi. 

Bu maddələrə əsasən, onu 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

İkinci şəxsə isə aşağıdakı maddələrlə ittiham irəli sürülüb:

376-cı maddənin 2-ci hissəsi – xüsusilə ağır cinayət haqqında məlumat verməmək, 344-cü maddənin 2-ci hissəsinin "a" bəndi – Gürcüstan dövlət sərhədinin qrup halında qanunsuz keçilməsi. 

Bu maddələr üzrə onu 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Prokurorluğun təqdimatı əsasında, hər iki şəxs barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

18 iyulda yayımlanan videoda görünür ki, Batumidə bir restoranda bir kişi güllələnib. Kadrlara əsasən, o, 5 güllə yarası alıb.

mənbə: marneulifm