Baçiaşvili: Məni gətirən təyyarədə Oxanaşvili də var idi

2025-ci il iyunun 9-da yayılan məlumata görə, Bidzina İvanişvilinin "Birgə İnvestisiya Fondu"nun keçmiş rəhbəri, iş adamı Qiorqi Baçiaşvili bəyan edib ki, onu Gürcüstana gətirən təyyarədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Anri Oxanaşvili də olub.
“İllər ərzində dövlətin necə ələ keçirildiyinin birbaşa şahidi olmuşam. Nüfuz və hakimiyyətə aludə olmuş adamların İvanişvilinin qapısında necə növbəyə durduğunu görmüşəm. İvanişvili mənimlə birbaşa işləyə bilmədiyini gördükdə, mənə anti-Qərb məzmunlu yazılar paylaşmağı tapşırdı – bu işlə bu gün də Şatirişvili məşğuldur. Qarşıdurmamız da buradan başladı. O, 1990-cı illərdə qardaşına, yaxud Kaxa Kaladzeyə qarşı tətbiq edilən metod – adam oğurluğuna əl atdı. Fərq yalnız ondadır ki, o vaxtkı adam oğurluğu hallarının arxasında dövlət durmurdu,” – deyə Baçiaşvili bildirib.
Onun sözlərinə görə, o, ölkəyə “başına torba salınaraq” gətirilib:
“Bu, İvanişvilinin sifarişi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat idi. Məni gətirən gəmiyə Ohanaşvili də minmişdi. Bu beynəlxalq cinayəti indi elə DTX özü araşdırır, öz cinayətini. Mən haradan ədalət axtarım? Özünü İvanişvilinin qapısında görmüş hökumətəmi güvənim? Ailəmə cəhənnəm həyatı yaşadan məhkəməyəmi inanam? Ölkəni ikiyə bölən sisteməmi sığınam? Deyirlər ki, işgəncə olmayıb – valideynlərimizdən soruşun, vicdan məhbuslarının ailələrindən, Mzia Amağlobelinin ailəsindən soruşun. Hörmətli hakim, siz də İvanişvilinin əlində təzyiq alətisiniz. Ola bilsin, siz çox yaxşı hakim və yaxşı insansınız, lakin bu məhkəməyə inana bilmirəm, çünki həyatım İvanişvilinin birbaşa göstərişləri ilə cəhənnəmə çevrildi,” – deyə Baçiaşvili hakim Jvebe Naçkebiyaya müraciət edib.
Xatırladaq ki, Gürcüstanı bu ilin mart ayında tərk edən Qiorqi Baçiaşvili 26 mayda saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, o, “Qırmızı Körpü” və Sadaxlı arasında – “yaşıl sərhəd” hissəsində hərəkət edərkən anonim mənbənin verdiyi məlumat əsasında tutulub. Baçiaşvilinin iddiasına görə, o, başqa ölkədə saxlanılıb və “Airzena” aviaşirkətinin təyyarəsi ilə Gürcüstana gətirilib. “The Guardian”ın məlumatına əsasən, o, Birləşmiş Ərəb Əmirliklərində həbs olunub.
Baçiaşviliyə qarşı iki cinayət işi açılmışdı və hər iki iş üzrə şikayətçi “Gürcü Arzusu”nun təsisçisi və fəxri sədri Bidzina İvanişvili idi. Həmin işlər üzrə Baçiaşvili girov qarşılığında azadlığa buraxılmışdı. Ölkəni tərk etdikdən sonra isə ona qanunsuz sərhəd keçməsi ilə bağlı əlavə ittiham irəli sürülüb. Onun sərhədi keçməsinə kömək edən şəxs də həbs edilib.
Baçiaşvili barəsində olan işlərdən birində məhkəmə onu 11 il azadlıqdan məhrum edib. Bu qərardan sonra “bitkoin işi” ilə bağlı İvanişvili Baçiaşviliyə qarşı mülki iddia qaldırıb. Bu iş sürətlə baxılıb və Baçiaşviliyə İvanişviliyə 9 000 bitkoinin dəyərində – təxminən 850 milyon dollar məbləğində kompensasiya ödəmək öhdəliyi qoyulub.
mənbə: marneulifm