Baçiaşvili: Məni oğurladılar, 2 gün bağlı gözlərlə gəzdirib təyyarəyə mindirib ölkəyə qaytardılar

May 29, 2025 - 19:28
 0  75
Baçiaşvili: Məni oğurladılar, 2 gün bağlı gözlərlə gəzdirib təyyarəyə mindirib ölkəyə qaytardılar

"Birgə İnvestisiya Fondunun" keçmiş rəhbəri Qiorqi Baçiaşvili "Mtkvari SES" işi üzrə məhkəmə prosesində özünün saxlanılması barədə danışıb.

Baçiaşvilinin sözlərinə görə, o, oğurlanıb, iki gün bağlı gözlərlə gəzdirilib və "Airzena" aviaşirkətinə məxsus təyyarə ilə Gürcüstana gətirilib.

"Mən özümü tamamilə günahsız hesab edirəm, haqqımda qaldırılmış bütün cinayət işləri saxtalaşdırılıb.

Hazırda mən İvanişvilinin şəxsi məhbusuyam və bu gün sizə yeni beynəlxalq cinayət faktı barədə məlumat vermək istəyirəm – bu, şəxsən İvanişvilinin göstərişi ilə baş verib.

Şənbə günü, 24 mayda məni xaricdən oğurladılar, gözlərimi bağladılar və iki gün vəkil, prokuror, hakim və ailəmlə əlaqə yaratmaq imkanım olmadan belə gəzdirildim. Daha sonra isə birbaşa təyyarəyə – 'Airzena'ya məxsus Bombardier təyyarəsinə mindirildim və bütün qanunların pozulması ilə Gürcüstana gətirildim.

Gürcüstan tarixində çoxlu belə hallar olub… Amma bu dəfə, hazırkı hökumət adlandırılan cinayətkar qrup öz kölgəsini də keçdi.

Mən bilmirəm hansı məlumatı verdilər və hansı yalanları uydurdular başqa dövlətə ki, belə bir əməliyyat mənə qarşı həyata keçirildi. Amma sizə demək istəyirəm ki, həmin dövlət böyük səhvə yol verdi və mənim oğurlanma əməliyyatı beynəlxalq miqyas aldı", – deyə Baçiaşvili bildirib.

Baçiaşvilinin sözlərinə görə, İnterpol onun axtarışını dayandırmışdı və Gürcüstan hökumətinin onu ekstradisiya etmək üçün qanuni yolu yox idi.

"Gürcüstan hökumətinin mənim ekstradisiyam üçün qanuni imkanı yox idi, çünki mənim vəkillərimin müraciəti əsasında İnterpol axtarışı dayandırmışdı. İnterpol üçün bir neçə gün kifayət etdi ki, mənim cinayət təqibimin siyasi motivli olduğunu müəyyən etsin.

Nəticədə, Gürcüstan nümayəndələri – Bidzina İvanişvilinin göstərişi ilə – bandit üsullara əl atdılar və məni oğurlayıb Gürcüstana gətirdilər. Bununla onlar təkcə Avropa İnsan Hüquqları Konvensiyasını deyil, həm də beynəlxalq hüququn və o ölkənin qanunlarını pozdular ki, mən həmin ölkədə olurdum.

Sizdən xahiş edirəm ki, bu bəyanatımı yeni istintaqın başlanması üçün əsas kimi qəbul edəsiniz. Mən bütün detalları izah etməyə hazıram – təkcə istintaqa inandığım üçün yox, həm də cəmiyyətə bir daha göstərmək üçün ki, hansı ölkədə yaşayırıq və bütün dövlət kimlərin sifarişlərini yerinə yetirir. Bu qəbuledilməzdir və ölkəmiz üçün bir rüsvayçılıqdır.

Hazırda siz Bidzina İvanişvilinin şəxsi məhbusunu mühakimə edirsiniz və bu işlərə görə hər kəs gec-tez cavab verəcək. Tea Tsulukianinin şouları bunun yanında heç nədir – buna inanın. Bunu açıq şəkildə və hamının eşidəcəyi formada deyirəm, o cümlədən mənim prokuroruma", – deyə Baçiaşvili əlavə edib.

Baçiaşviliyə “Mtkvari SES” işi ilə bağlı Gürcüstan CM-nin 220-ci prima maddəsinin 2-ci hissəsi üzrə ittiham irəli sürülüb. Bu maddə səlahiyyətli şəxsin vəzifə borcunu yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsini və bunun ağır nəticələrə səbəb olmasını nəzərdə tutur. Cəza kimi 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Prokurorluğun iddiasına görə, Baçiaşvili investisiya layihələri və aktivləri qeyri-effektiv idarə edib və risklərin qarşısını almaq üçün tədbir görməyib.

Bu gün keçirilən məhkəmə prosesində ittiham tərəfi Baçiaşvili barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğvi barədə vəsatət qaldırıb. Prokuror Mixeil Sadradzenin sözlərinə görə, Baçiaşvili “bitkoin işi” üzrə artıq 11 il azadlıqdan məhrum edildiyindən, əlavə həbs tədbiri tətbiqinə ehtiyac qalmayıb.

Hakim Nana Şamatava prokurorluğun vəsatətini təmin edib və həbs qətimkan tədbirini ləğv edib.

Növbəti məhkəmə iclası 24 iyul saat 12:00-a təyin olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatına görə, Baçiaşvili 26 may tarixində saxlanılıb. Qurum bildirir ki, onlar "anonim məlumat əsasında" Baçiaşvilinin Qırmızı körpü ilə Sadaxlı arasında yerləşən "yaşıl sərhəd" zonasına yaxın ərazidə hərəkət etdiyini müəyyənləşdiriblər.

4 martda Baçiaşvili bəyan etmişdi ki, real təhlükələr barədə “etibarlı məlumat” alıb və 2 martda ölkəni tərk etməyə məcbur olub. O bildirmişdi ki, Gürcüstandan çıxmaq üçün "sistemdəki boşluqlardan və bəzi şəxslərdən" istifadə edib. Hər iki pasportu əlindən alınsa da, ölkəni tərk etməyə nail olub.

Qiorqi Baçiaşviliyə “bitkoin işi” üzrə 11 il həbs cəzası verilib.

“Bitkoin işi”ndən əlavə, Baçiaşviliyə daha iki cinayət işi üzrə də ittiham irəli sürülüb – dövlət sərhədini qanunsuz keçmək və “Mtkvari SES” işi.

Ona qarşı Gürcüstan CM-nin 344-cü maddəsinin 1-ci hissəsi ilə də ittiham irəli sürülüb. Bu maddə dövlət sərhədinin qanunsuz keçilməsini nəzərdə tutur və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər.

“Mtkvari SES” işi üzrə Baçiaşviliyə Gürcüstan CM-nin 220-ci prima maddəsinin 2-ci hissəsi ilə ittiham irəli sürülüb. Bu maddə səlahiyyətli şəxsin vəzifəsini yerinə yetirməməsini və ya lazımi şəkildə yerinə yetirməməsini nəzərdə tutur ki, bu da ağır nəticələrə gətirib çıxarıb. Cəza olaraq 2 ildən 5 ilədək həbs nəzərdə tutulur.

Prokurorluğun iddiasına əsasən, Baçiaşvili investisiya layihələrini və aktivləri qeyri-effektiv idarə edib, risklərin qarşısını almaq üçün tədbir görməyib.

Nəticədə, qurumun məlumatına görə, “Mtkvari SES” layihəsinin investisiya həcmi və istismara verilmə müddəti lazımi səviyyədən artıq dərəcədə artıb ki, bu da layihənin gəlirliliyinə mənfi təsir göstərib. Onun investisiya dəyəri təxminən 100 milyon ABŞ dolları artaraq 240 milyon ABŞ dollarına çatıb. Diqqətəlayiq məqam isə ondan ibarətdir ki, bu qədər böyük xərclərə baxmayaraq, SES hələ də istismara verilməyib və nəticədə investorun qanuni maraqlarına ciddi zərər dəyib.

mənbə: marneulifm