Avropa Parlamenti Gürcüstanla bağlı sərt tənqidi qətnamə qəbul etdi

Jul 9, 2025 - 20:14
 0  40
Avropa Parlamenti Gürcüstanla bağlı sərt tənqidi qətnamə qəbul etdi

Avropa Parlamenti Gürcüstanla bağlı qətnaməni 490 lehinə və 147 əleyhinə səslə qəbul edib.

Sənəddə Avropa Parlamenti bir daha gürcü xalqına dəstəyini təsdiqləyir və onların Avropa və Avroatlantik istəklərinə sarsılmaz dəstək verdiyini bəyan edir.

Qətnamədə Gürcüstan hökumətinin zorakı repressiyaları, əsassız və siyasi motivli həbsləri, dinc etirazçılara və media nümayəndələrinə qarşı təzyiqlər kəskin şəkildə pislənir. Avropa Parlamenti hakimiyyəti zorakılıqdan çəkinməyə, ifadə və toplaşma azadlığına hörmət etməyə, xalq etirazlarını boğmaq məqsədilə qəbul edilmiş qanunları ləğv etməyə çağırır.

Sənəddə qeyd olunur ki, Gürcüstanın Aİ-yə inteqrasiya prosesi demokratik geriləmə və 2024-cü ilin oktyabr seçkilərinin saxtalaşdırılması səbəbindən faktiki olaraq dayandırılıb. Avropa Parlamenti “Gürcü Arzusu”nu demokratik islahatlar və Avroatlantik kursa qayıtmağa çağırır.

Qətnamədə Bidzina İvanişvili, ailə üzvləri və şirkətlərinə qarşı hədəfli sanksiyaların tətbiqi və maliyyə aktivlərinin dondurulması tələb olunur.

Avropa Parlamenti, Gürcüstanda siyasi və konstitusiya böhranının yalnız yeni və ədalətli parlament seçkiləri ilə həll oluna biləcəyini bildirir və bu seçkilərin müstəqil administrasiya və beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilməsinin vacibliyini vurğulayır.

Qətnamədə Avropa Parlamenti həmçinin “Gürcü Arzusunun” 2024-cü il 26 oktyabr seçkilərindən sonra qurduğu “özünü elan etmiş hökuməti” tanımadığını və Gürcüstanı qeyri-legitim rejim tərəfindən girov götürülmüş dövlət hesab etdiyini bəyan edir.

mənbə: interpress