ATƏT-in baş katibi: Gürcüstanda sabitlik region üçün həyati əhəmiyyət daşıyır

Apr 22, 2025 - 12:21
 0  32
ATƏT-in baş katibi: Gürcüstanda sabitlik region üçün həyati əhəmiyyət daşıyır

Gürcüstanda səfərdə olan ATƏT-in baş katibi Feridun Sinirlioğlu bildirib ki, ölkədə sabitliyin qorunması təkcə bu ölkə üçün deyil, bütün regionun təhlükəsizliyi və sabitliyi baxımından həyati önəm daşıyır.

Bu fikirləri o, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə Tbilisidə keçirilən görüşdən sonra səsləndirib.

“Gürcüstanla uzun illərdir əməkdaşlıq edirik. Sabitliyin qorunması yalnız bu ölkənin deyil, regionun maraqları üçün də həyati əhəmiyyət kəsb edir. ATƏT olaraq münaqişə zonalarında dialoqun təşviqinə və təhlükəsizliyin təminatına xüsusi önəm veririk. İnsidentlərin qarşısının alınması mexanizmi bu sahədə əsas alətlərimizdən biridir”, - deyə Sinirlioğlu bildirib.

O, Gürcüstanda ATƏT-in baş katibi kimi ilk rəsmi səfərdə olduğunu vurğulayıb və təşkilatın gələcəkdə də bu ölkədə təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəal iştirak edəcəyini qeyd edib.

mənbə: report