ABŞ turist və biznes vizaları üçün depozit tələb edəcək

ABŞ yeni viza proqramı çərçivəsində turist və biznes vizaları üçün 5 000, 10 000 və ya 15 000 ABŞ dollarına qədər əvvəlcədən depozit tələb edəcək.
Bu barədə məlumatı “Reuters” ABŞ Dövlət Departamentinə istinadən yayıb.
Dövlət Departamenti bu tələbin hansı ölkələrin vətəndaşlarına şamil olunacağına dair siyahını hələ açıqlamayıb. Lakin departamentin nümayəndəsinin sözlərinə görə, yeni proqram əsasən o ölkələrdən gələn vətəndaşlara aid olacaq ki, onlar ABŞ-da qalma müddətini tez-tez pozurlar və ya viza yoxlama prosedurlarında problemlər mövcuddur. Eyni zamanda, proqram bəzi xarici siyasət amillərinə əsasən də tətbiq ediləcək.
Yeni qaydalar 2025-ci il avqustun 20-dən qüvvəyə minəcək və təxminən bir il davam edəcək. Depozitin məbləği ABŞ-ın konsulluq əməkdaşları tərəfindən müəyyən olunacaq və 5 000, 10 000 və ya 15 000 dollar təşkil edəcək.
Rəsmi məlumata əsasən, ABŞ-a vizayla gələn şəxslər ölkəni vizada nəzərdə tutulan müddətdə tərk etdikləri halda, ödənilmiş depozit məbləği onlara tam şəkildə geri qaytarılacaq.
mənbə: interpress