11 nəfərin məhkəmə prosesi yenidən qapalı formatda keçirilir

Avropayönlü etiraz aksiyaları zamanı qrup halında zorakılıq törətmək ittihamı ilə həbs edilən 11 nəfərin işi üzrə Tbilisi Şəhər Məhkəməsində ilkin məhkəmə iclası yenə qismən qapalı formatda keçirilir.
Artıq üçüncü iclasdır ki, hakim İrakli Şvanqiıradze təqsirləndirilən şəxslərin yaxınlarına və prosesi izləmək istəyən şəxslərə məhkəmə zalına daxil olmağa icazə vermir.
Təqsirləndirilən şəxslərin vəkilləri məhkəmə iclasının tam açıq keçirilməsi ilə bağlı vəsatət qaldırıb. Bu vəsatətə təqsirləndirilən şəxslərin yaxınlarının topladığı 130 imza əlavə edilsə də, hakim vəsatəti təmin etməyib.
Bugünkü məhkəmə prosesində tərəflər sübutların məqbul olub-olmaması ilə bağlı müzakirələr aparırlar. Təqsirləndirilən şəxslərin ailə üzvləri və dostları məhkəmə prosesi ilə paralel olaraq məhkəmə binasının qarşısında toplaşıblar.
Hakim məhkəmə iclasını ilk dəfə 4 martda qismən qapalı elan edib.
Məhkəmənin gedişatı və mübahisələr
4 mart iclasında prokurorluq dəfələrlə iddia edib ki, onların video sübutları var və həmin görüntülərdə qrup halında zorakılıq törətməkdə ittiham olunan şəxslər eyni ərazidə birlikdə görünürlər. Bu ittiham təqsirləndirilən Cano Arçaianı qəzəbləndirib və o, məhkəmə zalından çıxarılıb.
"Harada görünürəm? Dəfələrlə dediniz ki, görünürəm – onda göstərin harada? Sizə üç ay vaxt verdik ki, yetərli sübutlar toplayasınız, amma heç nə tapa bilmədiniz. Məni sübutlarla göstərin! Əgər orada olmuşamsa, bundan utanmıram. Bəli, orada idim və bu gün buraxılsam, yenə ora gedib dayanacağam!" – deyə Arçaia bildirib.
Vəkillər və digər təqsirləndirilən şəxslər Cano Arçaianın tezliklə məhkəmə zalına qaytarılmasını tələb ediblər. Əks halda, məhkəmə zalını tərk edəcəklərini bildiriblər. Təqsirləndirilən şəxslərin həmrəyliyi və etirazı zalda alqışlarla qarşılanıb. Bu zaman hakim məhkəmə iştirakçılarından "emosiyalarını cilovlamağı" tələb edib və daha sonra iclası qismən qapalı elan edərək, yalnız medianın iştirakına icazə verib.
İttihamlar və mümkün cəza
Avropayönlü etiraz aksiyalarının 11 iştirakçısı – Andro Çiçinadze, Onise Tsxadadze, Revaz Kiknadze, Cano Arçaia, Quram Mirtsxulava, Luka Cabua, Valeri Tetraşvili, Qiorqi Terişvili, İrakli Keraşvili, Ruslan Sivakov və Serqi Kuxarçuk Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin ikinci bəndi ilə ittiham olunurlar. Bu maddə qrup halında zorakılıqda, bu halda isə polis əməkdaşlarına hücumda iştirak etməyi nəzərdə tutur. Təqsirləri sübuta yetirilərsə, hər biri 4 ildən 6 ilədək həbs cəzası ala bilər.
mənbə: marneulifm